Rektorun birinci kurs tələbələri ilə görüşləri davam edir


          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova bu gün Memarlıq fakültəsinin birinci kurs tələbələri ilə görüşüb. 

          Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova rektorla tələbələrin  görüşlərinin artıq ənənə halını aldığını bildirib.  Bu il Memarlıq fakültəsinə qəbul olan tələbələrin statistikasını açıqlayan dekan ümumilikdə fakültəyə 285 tələbənin qəbul olduğunu auditoriyanın diqqətinə çatdırıb. Dekan tələbələrin bilik göstəricilərinə də toxunub. Fakültəyə qəbul olan tələbələrin böyük əksəriyyətinin 300-500 bal arası nəticə göstərdiklərini,  qəbul olan 10 nəfərin 500-dən yuxarı, 1 nəfərin isə 600-dən yuxarı bal topladıqlarını deyib. Zahidə  Məmmədova:   “Fakültədə təhsil alan birinci kurs tələbələri 13 qrupa bölünüb, tədris 3 dildə, 3 ixtisas üzrə aparılır. Universitet üzrə əcnəbi tələbə sayı ən çox Memarlıq fakültəsinin payına düşür. Təhsil alan 68 tələbə Türkiyə, İran, Moldova, Özbəkistan, Türkmənistandan olan tələbələrdir”.  Daha sonra sözü universitetin rektor, professor  G.Məmmədovaya verib.

          Rektor öz növbəsində fakültə tələbələrini salamlayıb, universitetin tələbəsi adını qazanmaları münasibəti ilə onların valideynlərini, özlərini ürəkdən təbrik edib. Son 10 ildə ölkədə aparılan böyük tikinti-quruculuq işlərinin memarlıq, dizayn, şəhərsalma ixtisaslarına olan marağı artırdığını, bunun qəbul nəticələrində də özünü göstərdiyini deyib. Universitetin 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsüylə yaradıldığını, yarandığı gündən bu günə qədər 50 mindən çox mütəxəssis hazırlandığını yeni tələbələrin diqqətinə çatdırıb.  Ölkədə  eləcə də regionda böyük nüfuza malik olan universitetə dövlət tərəfindən hər zaman diqqət və qayğının göstərildiyini bildirib. Eyni zamanda rektor tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatlarıyla sıx və işgüzar əlaqələr qurmagı tövsiyə edib, problem, qayğı və istəkləri barədə bu qurumlara müraciət etmək şanslarının olmasından da danışıb. 

            Rektor keçirilən universitet rəhbərliyi və tələbə görüşlərinin əsas məqsədinin onların universitetin daxili nizam-intizam qaydaları, tələbələrin vəzifələri, hüquqları barədə məlumatlandırmaqdan ibarət olduğunu bildirib.

             AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov  çıxış edərək imtahan sessiyası, kredit sistemi, tədris prosesi barədə tələbələrə geniş məlumat verib.   Rəhbərlik tərəfindən universitetdə tələbələrin fərdi inkişafına dəstək məqsədi ilə xarici dil kursları və kompüter kurslarının  açıldığını bildirib.

             Görüşün sonunda universitet rəhbərliyi, ictimai təşkilatların nümayəndələri  tələbələrin suallarını cavablandırıb. 

 

 

18-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]