Rektor İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb


        Hər il olduğu kimi, bu il də ənənəyə sadiq qalaraq universitet rəhbərliyi universitetin ayrı-ayrı fakültələrində təhsil alan birinci kurs tələbələri ilə görüşlərə başlayıb. Bu dəfə ilk olaraq  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin ən qocaman fakültəsi İnşaat fakültəsinə qəbul olan birinci kurs tələbələri ilə görüşüb. 
        İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov çıxış edərək rektora birinci kurs tələbələri ilə keçirilən görüşlər üçün dərin təşəkkürünü bildirib. Belə görüşlərin tələbələr üçün əhəmiyyətindən danışıb. 
        Birinci kursa qəbul olan tələbələri, onların valideynlərini təbrik edən rektor G.Məmmədova universitetin daxili nizam-intizam qaydaları, təlim-tədris prosesi haqqında məlumat verib. Rəhbərlik etdiyi təhsil ocağının uğurlarından danışan rektor elə bu günlərdə AzMİU-nun Azərbaycandan 5 universitetin də yer aldığı  beynəlxalq reytinq cədvəlinə (QS EECA University Rankings 2020)  düşməsi barədə sevindirici xəbəri tələbələrə çatdırıb. 
        Çıxışında rektor tələbələrə dərslərə ciddi yanaşmağı, keçilən dərslərdə fəal iştirak etməyi, zamanın, dövrün tələblərinə uyğun olaraq ixtisasları ilə bağlı çox oxumağı tövsiyə edib. Universitetin böyük kitabxanaya, yetərli kitab fonduna malik olduğunu, eyni zamanda elektron kitabxana sisteminin olması barədə məlumat verib, onlara yaradılan şərait və imkanlardan maksimum yararlanmağı məsləhət görüb. Tələbəsi olduqları  fakültədə tədris aparan  professor-müəllim heyətinin yüksək ixtisaslı və nüfuzlu mütəxəssislərdən təşkil olunduğunu deyib.
        Ümumilikdə AzMİU-nun dünyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrindən, ikili diplom layihələrindən, tələbələrin  asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə universitetdə yaradılan şəraitdən danışan G.Məmmədova  sonda tələbələri təhsillə yanaşı, ictimai işlərdə də aktiv olmağa çağırıb.  
        Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə toxunub.
        Görüşdə tələbələr onları narahat edən məsələlərlə bağlı universitet rəhbərliyinə suallar ünvanlayıb, təklif və arzularını səsləndiriblər.
 

16-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]