İnşaat fakültəsinin müəllim heyəti “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində tanıtım-təcrübə səyahətində olub

          “AzerGold” QSC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında 2019-cu ildə əməkdaşlığa dair fəaliyyət planına əsasən AzMİU-nun müəllim heyəti “AzerGold” QSC-nin  Çovdar filizi emalı sahəsində tanıtım-təcrübə səyahətində olublar.
          Universitetin Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə İnşaat fakültəsinin dekan müavinləri- Nazim Cəfərov, Tural Əliyev,  İnşaat konstruksiyaları kafedrasının müəllimi Masil Dəmirov, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müəllimi Şaiq Quluzadəyə Çovdar filiz emalı yatağı barədə ətraflı məlumat verilib. Eləcə də onlara istehsalat prosesi ilə əyani şəkildə tanış olmaq imkanı yaradılıb, qiymətli metalların hasilatı və emalı prosesi, laboratoriyanın iş prinsipi nümayiş olunub. 
            Qeyd edək ki, Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur. Mədəndə hasilat işlərinə 2012-ci ildə başlanılıb.
 

16-10-2019