Bos Shelf LLC şirkətinin nümayəndləri AzMİU-da


       Bu gün  Bos Shelf LLC şirkətinin Təlim Mərkəzinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində təmsil etdikləri şirkətin fəaliyyəti və “Gənc İstedadlara Dəstək" proqramı barədə məlumat xarakterli təqdimatla çıxış ediblər. 
       Universitetin Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə ərsəyə gələn görüşdə  şirkətin Təlim Mərkəzinin rəhbəri Nigar Mahmudova, təlim üzrə administratoru Rəşad Hacıyev, şöbənin əməkdaşları,  İnşaat  və İnşaat-texnologiya fakültələrinin tələbələri iştirak ediblər. 
       Şirkətin təlim üzrə administratoru Rəşad Hacıyev qurumun  fəaliyyət istiqamətləri, şirkətin tarixi, həyata keçirdiyi layihələri, işçi heyəti və s. haqqında ətraflı məlumat verib. Bos Shelf  şirkətinin 2012-ci ildən Bakı Dərin Özüllər Zavodunun  ərazisində fəaliyyətə başladığını və o vaxtdan öz sənayesində Xəzər regionunun ən böyük müəssisəsidən birinə çevrildiyini qeyd edib. İlk dəfə pilot layihə olaraq başladıqları  “Gənc İstedadlara Dəstək" proqramı barədə informasiya verib. Proqramda təklif olunan karyera imkanının iki ixtisas (Sənaye və mülki tikinti, Materialşünaslıq) üzrə aparıldığını söyləyib. Təcrübə proqramına qoşulacaq tələbələrin qazanacağı imkanlar, proqramın faydalı tərəfləri ətrafında danışıb.
       Sonda tələbələri maraqlandıran suallar şirkət əməkdaşları tərəfindən cavablandırılıb.  
       Məlumat üçün qeyd edək  ki, Bos Shelf- 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Star Gulf şirkəti tərəfindən təsis edilmiş birgə müəssisədir. Yarandığı gündən etibarən beynəlxalq və yerli sifarişçilər üçün dayaq blokları əlavə olaraq üst tikililər, sualtı infrastruktur, paya dəstləri və.s kimi konstruksiyalar inşa edir. 

14-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]