AzMİU-da Plagiat.pl şirkəti tərəfindən StrikePlagiarism.com antiplagiat sisteminin yeni imkanlarına həsr olunmuş təlim
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi tədqiqat şöbəsinin təşəbbüsü ilə elmi işlərin antiplagiat proqramı vasitəsi ilə yoxlanılması metodologiyası üzrə növbəti maarifləndirici seminar təşkil olunub. Plagiat.pl şirkətinin biznesin inkişafı üzrə meneceri Aygül Səmədova tərəfindən aparılan təlimdə universitet üzrə sistem administratoru və operatorlar iştirak edib.
AzMİU-nun Elmi Tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva çıxış edərək universitetin plagiatla mübarizə strategiyasından və bu istiqamətdə AzMİU və Plagiat.pl şirkəti arasında qurulan əməkdaşlığın nəticələrindən bəhs edib.
Daha sonra təlimçi iştirakçıları StrikePlagiarism.com antiplagiat sisteminin yeni interfeysi, proqramın işləmə mexanizmi barədə ətraflı məlumatlandırıb. A.Səmədova təhsil müəssisələri üçün tətbiq olunan yeni interfeysin üstünlükləri və interfeysin daha rahat və intuitiv olunması ətrafında geniş təqdimatla çıxış edib. Elmi işlərdə plagiatın aşkar olunmasında sistemlə yanaşı ekspertlərin rəyinin də mühüm rol oynadığını iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.