AzMİU 13-cü Beynəlxalq Təhsil Sərgisində təmsil olunub



        Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılışı olub.
         Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
         Builki sərgiyə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu qatılıb. Sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.
         Sərgidə Azərbaycan Memarlıq və İnşaat Universiteti də geniş pavilyonda təmsil olunur.  İştirakçılar AzMİU-nun sərgisi ilə xüsusi maraqlanıb, universitetin fakültə və ixtisasları ilə yaxından tanış olub, müxtəlif sualları ünvanlayıblar. 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo”  sərgisi ilə tanış olan təhsil naziri Ceyhun Bayramov,  Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk AzMİU-nun pavilyonuna da baş çəkib, universitetin fəaliyyəti, gələcək planları ilə maraqlanıb. 
       AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova universitetin fakültə və ixtisasları, beynəlxalq əlaqələri, gələcək perspektivləri haqqında nazirə, eləcə də qonaqlara  məlumatlar veriblər.
        Stendin ziyarətçiləri AzMİU-da tədris olunan ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, ali məktəbin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, maddi-texniki bazası haqqında universitet təmsilşilərindən geniş və əhatəli informasiyalar alıblar. 
       Stenddə professor-müəllim heyətinin kitab, monoqrafiya və dərs vəsaitləri sərgilənib, eləcə də monitorda Memarlıq fakültəsinin magistr və bakalavr tələbələrinin 3D formatında işlədiyi buraxılış işləri  nümayiş olunub.
       Qeyd edək ki, sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.
      Üç gün davam edəcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə giriş IX-XI sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.


 

10-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]