AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib


Oktyabrın 9-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Memarlıq və İnşaat Universiteti, Silahlı Qüvvələrin Hərbi Akademiyasının  birgə təşkilatçılığı ilə “Maqnityumşaq ərintilərin informasiya texnologiyalarında və hərbi sənayedə tətbiqi prespektivləri” mövzusunda  Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Onu qeyd edək ki, ölkəmizdə bu mövzuda beynəlxalq konfrans ilk dəfə AzMİU-da keçirilir. Konfransda Hərbi Akademiyanın  yüksək rütbəli zabit heyəti, o cümlədən, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından,  elmi mərkəzlərdən,  Rusiya, Ukrayna universitetlərindən görkəmli alimlər iştirak ediblər.

           Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə əklil qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

           Universitetin rektoru, professor Gülçöhrə Məmmədova konfransı açıq elan edərək iştirakçıları salamlayıb, Silahlı Qüvvələrin Hərbi Akademiya ilə əməkdaşlıq nəticəsində ərsəyə gələn konfransı yüksək qiymətləndirib, gələcəkdə birgə fəaliyyətlərin genişləndirilməsini tədbirlərin, konfransların keçirilməsini arzulayıb. Mövzunun aktuallığına diqqət çəkən rektor gənc mütəxəssisləri konfransın bölmə iclaslarında, müzakirələrdə aktiv olmağa səsləyib.

            Plenar iclasda təbrik nitqi ilə çıxış edən Hərbi Akademiyanın tədris işləri üzrə rəis müavini, polkovnik Azru İsmayılov təmsil etdiyi ali təhsil ocağının rəisi general-leytenant  Heydər Piriyev adından konfrans iştirakçılarını salamlayıb. Palkovnik son illər ərzində elmi-texniki tərəqqinin günümüzün reallığına çevrildiyini, bütün sahələrə, o cümlədən hərb sahəsinə nüfuz etdiyini bildirib.  Ölkə rəhbərliyinin elmin, texnikanın inkişafına xüsusi önəm verdiyini,  bu məsələni dövlətin prespektiv inkişafının prioritet istiqamətlərindən biri kimi qəbul etdiyini söyləyib. Elmi-texniki tərəqqinin ən son naliyyətlərinin əks olunduğu hərbi texnikanın  bütün döyüş potensialının üzə çıxarılması işinin onu hərəkətə gətirənlərin yüksək elmi bilikləri ilə mümkün olduğunu deyib.

        Digər çıxış edənlər Qazaxıstanın Korkut Ata adına Kızılorda Dövlət Universitetinin professoru Anqışın Seytmuratov və  Milli Aviasiya Akademiyasının kafedra müdiri, akademik Bahadır Tağıyev  konfransın yüksək şəkildə təşkil olunmasında təçkilatçılara təşəkkürlərini bildirib, onun işinə uğurlar arzulayıblar.

           Konfransın plenar iclasında AzMİU-nun Fizika kafedrasının  Metal və ərintilər fizikası  ETL-in rəhbəri, professor Tahir Pənahov  “Metallar fizikası elminin informasiya texnologiyalarında və hərbi sənayedə tədbiqinin prespektiv istiqamətləri”,  Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Akademiyanın Mahaçkalada elmi fəaliyyət göstərən Əmirxanov adına Fizika İnstitutunda Fəza keçidləri fizikası şöbəsinin müdiri, professor İbrahimxan Kamilov və AMEA-nın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru Mətanət Mehrabovanın  məruzələri dinlənilib.

         Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.

09-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]