Görkəmli alim Mürsəl Nəcəfovun xatirəsi AzMİU-da anılıb


      Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sərgi Salonunda görkəmli alim, Əməkdar incəsənət xadimi , Dövlət mükafatı laureatı  Mürsəl Nəcəfovun 100 illik yubileyi ilə əlaqədar sərgi açılıb. 
      Açılışda AzMİU-nun professor-müəllim heyəti, görkəmli alimin ailə üzvləri, onu sevən dostları, uzun illər çalışdığı Təsviri incəsənət kafedrasının müəllimləri, tələbələr iştirak edib. 
      Sərgidə açılış nitqi ilə çıxış edən Universitetin Təsviri incəsənət kafedrasının müdiri  Elturan Avalov M.Nəcəfovu böyük ehtiramla yad edib, sənətşünas alimin yaradıcılığına nəzər salıb, həyatı, sənət fəaliyyətindən danışıb. Həyatını təsviri sənət nəzəriyyəsi və onun təbliği məsələsinə həsr edən tədqiqatçının Təsviri incəsənət kafedrasına rəhbərlik etdiyi dövrdə gördüyü işləri xatırladıb. 
      Sonra söz Rəssamlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevə verilib. O,  M.Nəcəfovun istedadlı sənətşünas, təsviri sənəti varlığı qədər sevən ziyalı olduğunu söyləyib. Görkəmli alimin Sovet İttifaqı Qəhrəmanı, unudulmaz əfsanəvi insan Mehdi Hüseynzadə ilə olan dostluğundan danışıb. Z.Əliyev rəssamın müxtəlif illərdə çəkdiyi əsərlərinin indi də öz aktuallığını saxladığını, əsərlərinin və elmi metodiki vəsaitlərinin gənc memar və rəssamlara gələcək fəaliyyətlərində kömək ola biləcəyini  deyib. 
      Qonaqlar sərginin təşkilində əməyi keçən Sərgi salonunun müdiri Gülmira Məmmədovaya, M.Nəcəfovun ailəsinə, kafedranın müəllimləri Oktay Murtuzayevə,Yaşar Səmədova, Bayram Qasımxanlıya təşəkkürlərini bildiriblər. 
      Sərginin rəmzi açılışını bildirən qırmızı lent kəsilib, sənətsevərlər salona daxil olaraq görkəmli alimin həyat və fəaliyyətini özündə əks etdirən fotolar,  rəsm, qrafik əsərləri, kitabları, dövrü mətbuatda haqqında çıxan qəzet, jurnal materialları ilə tanış olublar. 


 

07-10-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]