AzMİU-da Beynəlxalq Müəllimlər gününə həsr olunmuş bayram konserti keçirilib

       Oktyabrın 4-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) pedaqoji heyətin şərəfinə “Musiqi çələngi” adlı bayram konserti  təşkil edilib.  İnşaat-texnologiya və Nəqliyyat fakültəsinin birgə təşəbbüsü ilə ərsəyə gələn tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı, müğənnilər - VI Muğam müsabiqəsinin Qran Pri mükafatının qalibi Almaxanım Əhmədli, Ayşən Mehdiyeva, Çilənay Hüseynova, qiraət ustası Pərvanə Talıbova da iştirak edib.

        Tədbiri açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova 5 Oktyabr – Beynəlxalq  Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin  “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”  kəlamlamını xatırladan rektor cəmiyyətdə bu peşə sahiblərinə böyük hörmət və ehtiramın olduğunu qeyd edib. Rektor tədbirin ərsəyə gəlməsində əməyi keçən universitetin kafedra müdiri Tağı Əhmədova və İTF-nin dekanı Tahirə Haqverdiyevaya təşəkkürünü bildirib.

         Universitetin prorektorları – Arif Şərifov, Akif Qasımov, T.Əhmədov da təbriklərə qoşularaq həmkarlarını təbrik ediblər, onlara ən xoş arzularını çatdırıblar.       

        Bədii hissədə universitetin Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının müdiri, ictimai-siyasi xadim, yaradıcı  insan T.Əhmədovun (Sadiq) şeirləri qiraət ustası Pərvanə Talıbovanın və AzMİU-nun istedadlı tələbələrinin ifasında səsləndirilib. Müğənnilər - VI Muğam müsabiqəsinin Qran Pri mükafatının qalibi Almaxanım Əhmədli, Ayşən Mehdiyeva, Çilənay Hüseynova isə T.Əhmədovun sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.  

      

         

04-10-2019