Əfqanıstan səfiri AzMİU-da


     Bu gün Əfqanıstan İslam Respublikasının Bakıdakı səfiri dr. Xeyrullah Spelanay Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Səfir Universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor  Nərgiz Abdullayeva da iştirak edib. 
     Qonağı səmimi salamlayan rektor G.Məmmədova görüşdən məmnunluğunu ifadə edib. Rektor universitetin beynəlxalq əlaqələrindən danışıb, müsəlman ölkələrinin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsinə önəm verildiyini, Universitetdə 700-ə yaxın əcnəbi tələbənin təhsil aldığını qeyd edib. G.Məmmədova əcnəbi tələbələr arasında əfqanların olmadığını səfirin diqqətinə çatdırıb. 
     Səmimi qəbul üçün rektora təşəkkür edən səfir AzMİU-ya səfərinin tanışlıq xarakteri daşıdığını deyib. X.Spelanay ölkələrimiz arasında mövcud olan mehriban münasibətlərin hər iki ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığına da müsbət təsir edəcəyini vurğulayıb. O rektora məlumat verib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün ayrılan təhsil qrantı hesabına bu il 1 nəfər Əfqanıstan vətəndaşı Naqibullah Azizi magistraturada İnşaat mühəndisliyi ixtisası üzrə ingilis bölməsində təhsil alacaq. Səfir Əfqanıstan ali məktəbləri ilə əlaqələrin qurulmasında,  müəllim-tələbə mübadiləsinin gerçəkləşməsində səfirlik olaraq lazımi köməkliyin ediləcəyini vurğulayıb.
 

23-09-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]