AzMİU-da “Bilik günü” keçirilib
AzMİU-da “Bilik günü” keçirilib
Sentyabrın 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2019-2020-ci tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Yasamal rayonundan seçilmiş millət vəkili Elşad Həsənov, Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə, AzMİU-nun məzunu, “Qartal” tikinti firmasının direktoru Şahin Məmmədov, bu il birinci kursa qəbul olunan tələbələr, universitetin professor-müəllim heyəti iştirak edib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbiri açıq elan edərək professor-müəllim, tələbə heyətini, xüsusilə birinci kurs tələbələrini və onların valideynlərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.
Rektor ölkə prezidenti İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətini artırmaq üçün aparılan islahatlardan danışıb, təhsil siyasətinin, bu sahədə reallaşdırılan islahatların uğurlarını xatırladıb.
Rektor builki qəbul prosesinə toxunaraq qeyd edib ki, 2019/2020-ci tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bakalavriat səviyyəsinə 25 ixtisas üzrə 1537 nəfər abituriyent qəbul olaraq tələbə adını qazanıb. Onlardan 729 nəfəri dövlət sifarişi, 808 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Qəbul olan abituriyentlərin 480-ə yaxınını (31%) qızlar, qalanlarını isə oğlanlar təşkil edir. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 143 nəfəri subbakalavrdır. Sevindirici haldır ki, qəbul olan subbakalavrların əksəriyyəti AzMİU-nun nəzdində yerləşən İnşaat Kollecinin məzunlarıdır. Göründüyü kimi, qəbulun yerinə yetirilməsi təkcə sayda deyil, eyni zamanda keyfiyyətdə də özünü göstərir. Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil artır. Onlar arasında Nilufər Səmədova 642 balla Memarlıq fakültəsinin memarlıq ixtisasını, Minayə Hacıyeva isə 614 balla İnşaat fakültəsinin inşaat mühəndisliyi ixtisasını seçib. AzMİU-nun memarlıq və inşaat mühəndisliyi ixtisasları ilə yanaşı fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, informasiya texnologiyaları ixtisaslarına qəbul olan yüksək ballı abituriyentlər də üstünlük təşkil edir. Bütün bunlar bir daha təsdiqləyir ki, AzMİU-nun bütün ixtisaslarına daha savadlı, bacarıqlı abituriyentlər qəbul olunublar.
AzMİU-nun magistratura pilləsində də 23 ixtisas üzrə qəbul aparılıb. Qəbul göstəriciləri yüksək olan 202 bakalavr magistr adını qazanıb.
Rektorun geniş və əhatəli çıxışından sonra söz qonaqlara verilib. Qonaqlar yeni tədris ilinin başlanması münasibəti ilə tələbələri təbrik edib, təhsillərində uğurlar diləyiblər. Birinci kursa qəbul olunan tələbələrə də söz verilib. İnşaat fakültəsinin I kurs tələbəsi Səbinə Nəzərli, Memarlıq fakültəsinin I kurs tələbəsi Elbay Qasımzadə, universitetimizdə təhsil alan I kurs tələbəsi, Türkiyə vətəndaşı Yasin Dəmirtaş, I kurs magistr tələbəsi Fidan Məmmədova qazandıqları uğurlara görə təhsil aldıqları təhsil ocaqlarına minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim olunub.