İndoneziyalı qonaqlar AzMİU-da
Bu gün İndoneziyanın Tarumaneqara Universitetinin Memarlıq fakültəsindən gələn böyük bir nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub, universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər. Görüşdə İndoneziyanın ölkəmizdəki səfiri professor Hüsnan Bəy Fanani, AzMİU-nun prorektorları, Xarici əlaqələr şöbəsinin müdiri və əməkdaşları iştirak edib.
Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib, universitetin tarixindən, fakültə və ixtisaslarından danışıb, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün görülən işlərdən söz açıb. Rektor iki universitet arasında əməkdaşlıq perspektivlərinə də toxunub, müxtəlif istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb. Rektorun çıxışından sonra AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev universitet haqqında tanıtım filmini təqdim edib.
Nümayəndə heyətinin rəhbəri, Tarumaneqara Universitetinin professoru Haydir Ənvər Makarim təmsil etdiyi təhsil ocağının rəhbərliyi adından minnətdarlığını bildirib, görüşün çox məhsuldar keçdiyini və iki universitet arasında yaranan əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirib. Səfir H.B.Fənani də universitetlər arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələn köməklik edəcəyini vurğulayıb. Görüşdə iştirak edən digər qonaqlar da səfər təəssüratlarını paylaşıb, ölkəmiz, Bakı, memarlıq abidələri və s. haqqında maraqlı fikirlər səsləndiriblər.
Qarşılıqlı söhbətlər, maraqlı müzakirələrdən sonra qonaqlar universitetlə tanış olub, imtahan zallarına baş çəkib, Memarlıq fakültəsini gəziblər.