AzMİU-da Dünya İrs Komitəsinin beynəlxalq forumunun açılış mərasimi keçirilib
Dünya İrs Komitəsinin bu ilin 30 iyun – 10 iyul tarixlərində Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində keçirilən beynəlxalq forumunun açılış mərasimi bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) baş tutub. Dünyanın 30 ölkəsindən açıq müsabiqə yolu ilə seçilmiş 30 gənc irs mütəxəssisinin iştirak etdiyi Forumun mövzusu “Ümümdünya İrsi: Qlobal Çağırışlar üçün Yerli İdeyalar” olub.
Mərasimi açılış nitqi ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açıb, Forum iştirakçılarını salamlayaraq onun işinə uğurlar arzu edib. YUNESKO-nun Dünya İrs Komitəsinin Bakıda təşkil olunacaq 43-cü sessiyasının keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Forumun mahiyyətindən danışıb. Nazir qeyd edib ki, Forumun ümumi məqsədi 21-ci əsrdə dünyada irsin idarəedilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasına nail olmaqddır. “Forumun proqramı rəngarəngliyi ilə seçilir. Belə ki, tədbirin ilk 4 günü fərqli məkanlarda baş tutacaq: AzMİU-dan sonra İçərişəhər Administrasiyası, Qobustan qoruğu və tarixi Qəbələ-İsmayıllı-Lahıc bölgəsi. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar ediləcək, dəyirmi masalar yolu ilə iştirakçılar 1972-ci il Dünya Mədəni və Təbii İrsinin Qorunması ilə bağlı Dünya İrs Konvensiyasına dair praktiki biliklər əldə edəcəklər”.
Nazirin çıxışından sonra Dünya İrs Mərkəzinin direktoru, doktor Meştild Roslerin iştirakçılara videomüraciəti səslənib.
Açılış mərasiminin ardınca Mədəniyyət Nazirliyi ilə AzMİU arasında təhsil, innovasiya, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.