AzMİU Ukrayna Dövlət Dəmiryolu Nəqliyyatı Universiteti ilə əməkdaşlıq edəcək


     Bu gün Ukrayna Dövlət Dəmiryolu Nəqliyyatı Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. 
Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycanda son illər ərzində bütün sahələrdə, həmçinin təhsil sferasında yüksək nailliyyətlərin əldə olunmasından bəhs edib. Rektor universitetin tarixindən, beynəlxalq əlaqələrindən, Ukraynanın  bir çox universitetləri ilə uğurlu əməkdaşlıqdan danışıb. 
     Ukrayna Dövlət Dəmiryolu Nəqliyyatı Universitetinin rektoru, professor S.V. Pançenko da öz növbəsində bu ali təhsil ocağında xoş qarşılanmaya görə rektora təşəkkür edib. Azərbaycanın postsovet ölkələri, eləcə də Ukrayna ilə səmərəli əlaqələrinin olduğunu qeyd edən rektor rəhbərlik etdiyi universitetin AzMİU ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
     Görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və  universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, müəllim-tələbə mübadiləsi, yay məktəblərinin, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.
     Məlumat üçün qeyd edək ki, Ukraynada dəmir yolunun təşkili, daşınma, idarəetmə sahələri üzrə kadr hazırlayan Dəmir Yolu Nəqliyyatı Universiteti 1930-cu ildə Xarkov şəhərində yaradılıb.  Təhsil müəssisəsi IV akkreditasiyaya malikdir. Universitetdə təxminən 13000 tələbə əyani və qiyabi formada təhsil alır. Dəmir Yolu sahəsi üzrə kadr hazırlığında əldə etdiyi nailiyyətlərə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

20-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]