TARİX YAZANLARI TARİX YAŞADIR – 27 Sentyabr Şəhidlərimizin ANIM günüdür


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr – Anım Gününün dördüncü ildönümünə həsr olunan tədbir keçirilib.  

Universitet şəhidlərinin xatirəsinə ehtiram olaraq yaradılan Memorial Xatirə Kompleksinin qarşısında keçirilən tədbirdə professor-müəllim, tələbə heyəti ilə yanaşı şəhid ailələri və qazilər də iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Bu əlamətdar tədbirdə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev Azərbaycanın müasir tarixində çox önəmli yer tutan 27 Sentyabr – Anım Gününün qələbəni bizə bəxş edən şəhidlərimizin xatirəsini əbədi yaşatmaq üçün təsis edildiyini diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi zəfərdən danışıb. Prorektor qələbəni təmin edən əsas amillərdən birinin tarixin böyük sınağından uğurla çıxan xalq-dövlət-ordu birliyinin olduğunu söyləyib. Çıxışının sonunda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfa diləyib.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili və Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə ikinci Qarabağ müharibəsində əldə edilən zəfərin tarixi əhəmiyyəti haqqında fikirlərini bölüşüblər. 44 günlük müharibəni Azərbaycanın suverenliyinin bərpasına gedən yolun başlanğıcı hesab edib, xalqımız tərəfindən hər zaman qürur günü kimi xatırlanacağını bildiriblər.

AzMİU-nun şəhid məzunu Rauf İbadovun atası Məhərrəm İbadov oğlunun şərəfli ömür yolundan danışıb. Övladının şücaətindən fəxarətlə bəhs edən ata, onun çox vətənpərvər, ailəsinə bağlı övlad olduğunu bildirib. Söyləyib ki, general-mayor, Milli Qəhrəman Polad Həşimov şəhid olarkən Rauf dərin sarsıntılar keçirib, onda qisas hissini alovlandırıb.  

Vətən müharibəsi iştirakçısı İbrahim Vaqifoğlu çıxış edərək keçdiyi döyüş yolundan bəhs edib. Həmin günlərə qayıdıb, ordumuzun döyüş əzminə, əsgərlərimizin düşməni lərzəyə salan milli ruhuna diqqət çəkib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bu əlamətdar günlə əlaqədar AzMİU-da ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunur.

27-09-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]