“Nüfuzlu xarici universitetlərdən qəbul almışam, ən yaxşısını seçəcəm”-İlklərə imza atan AzMİU BİRİNCİSİ 


     Azərbaycan universitetlərinin məzunları arasında fərqlənənlərdən biri də 94.08 ümumi ortalama göstərici ilə Murad Mirzadədir.

     Mirzadə Murad Elşən oğlu, 2000-ci il noyabrın 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2018-ci ildə Bakı şəhəri Fizika – Riyaziyyat təmayüllü liseyi yüksək qiymətlərlə bitirərək, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olub.

     Təhsili müddətində bir çox mükafatlara layiq görülən Murad, Respublika və Beynəlxalq dərəcəli elmi konfransların iştirakçısıdır. Həmmüəllifi olduğu məqalə 2021-ci ildə Rusiya Federasiyasının Penza şəhərində I dərəcəli diploma layiq görülmüşdür.

     İstedadlı məzunumuz AzEdu.az-a açıqlamasında bakalavr təhsili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetini seçməsinin səbəblərini qeyd edib:

     “Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fizika-riyaziyyat təmayüllü liseyini yüksək qiymətlərlə bitirmişəm. Daha sonra isə məhz AzMİU-nu seçdim. Çünki bu universitetin Memarlıq fakultəsi ölkənin ən öndəgələn və qocaman fakultələrindəndir. Məhz burada təhsilin ingilis bölməsində yüksək keyfiyyətli tədrisin aparılması səbəbilə seçimim bura oldu”.

     Murad, təhsili müddətində dərslərlə yanaşı bir çox tədbirlərdə iştirak etdiyini bildirərək, qazandığı təcrübələrin əhəmiyyətindən danışıb:

     “Sözsüz ki, tədris zamanı çox maraqlı və yaddaqalan məqamlar olurdu. Təhsil aldığım müddətdə fakultəmiz bir çox xarici elmi araşdırma mərkəzləri, nüfuzlu universitetlərlə əməkdaşlıq qurmuşdu. Biz dərslərdən əlavə müxtəlif konqreslərdə, “workshoplarda” və s. mötəbər tədbirlərdə iştirak edirdik. Dərslərlə birlikdə bu tədbirlərdə iştirak etmək müəyyən qədər çətin idi, lakin bunlar həm çox maraqlı olurdu, həm də bizə böyük təcrübə qazandırırdı. Tədrisimiz ingilis dilində aparılırdı və iştirak etdiyimiz “workshoplar” da ingilis, italyan kimi xarici dillərdə təşkil edilirdi. Nəticədə biz xarici professorlardan, mütəxəssislərdən aldığımız təcrübəni müəllimlərimizlə birlikdə öz üzərimizdə tətbiq edirdik. Bu layihələrimizdə həqiqətən öz əksini tapırdı. Belə ki, mən 2019-cu ildə Azərbaycan Memarlar İttifaqı tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görüldüm. Eyni ildə ittifaqın, Memarlıq fakultəsinin 10 ən istedadlı gəncləri üçün nəzərdə tutulan xüsusi təqaüdünə layiq görüldüm. Bütün bunlar təhsilimizdəki yeniliklər nəticəsində gördüyümüz işlərə verilən qiymətdir”.

     O, ali təhsilini davam etdirmək üçün xarici ölkələrdən təklif aldığını və seçim mərhələsində olduğunu nəzərə çatdırıb:

     “Magistratura təhsilimlə bağlı xüsusi planlarım var. Bizim Memarlıq fakultəsi Britaniya Memarlarının Kral İnstitutunun akkreditasiyasını alıb. Mən də öz akkreditasiyamın davamı olaraq xaricdə təhsil almağı planlaşdırıram. Britaniyanın və dünyanın ən nüfuzlu universitetlərindən olan Mançester Memarlıq Məktəbindən qəbul almışam. Həmçinin təhsilimi davam etdirməyim üçün Belçika, Macarıstan və s. kimi xarici ölkələrdən mənə təkliflər gəlib. Hazırda araşdırma edirəm və magistratura təhsilimi universitetlər arasında ən yaxşısında almağı planlaşdırıram”.

     İstedadlı gəncimiz gələcəkdə təhsilini başa vurduqdan sonra fəaliyyətini ölkəmizdə davam etdirəcəyini bildirib:

     “Mən də hər bir Azərbaycan vətəndaşı kimi xaricdə qazandığım təcrübəni öz ölkəmdə tətbiq etmək, burada öz sahəmə töfhə vermək istəyərəm. Təhsilimi başa vurduqdan sonra ölkəmizə qayıdıb, təcrübəmi yerli mütəxəssislərlə, təhsilini yeni bitirmiş gənclərlə bölüşmək mənim üçün böyük qürur olar”.

     Murad, məzun olduğu universitetin gələcək tələbələrilə tövsiyələrini bölüşərkən, təcrübənin xüsusi vacibliyini vurğulayıb:

     “Tədrisdə çox mühüm məsələlərdən biri olan təcrübəyə diqqət etsinlər. Dərslərinə məsuliyyətlə yanaşsınlar, imtahana o ərəfədə deyil, daha əvvəldən hazırlaşsınlar. Mühazirələrə məsuliyyətlə yanaşsınlar. Eyni zamanda universitet dərslərindən başqa hər zaman təcrübə ilə məşğul olsunlar. Rektorumuz da hər zaman bizə bunu aşılayıb. Hazırda inkişaf etmiş müxtəlif qurumlar fəaliyyət göstərir, onlardan birində təcrübə keçsinlər, “worshoplarda” iştirak etsinlər. Bu kimi fəaliyyətlərin tələbələrə çox böyük qatqısı olacaq. Eyni zamanda bacardıqları qədər dünyaya açılmağa çalışsınlar, mütəxli dillər öyrənsinlər. Çünki memarlıq digər dünya ölkələrində kifayət qədər inkişaf edib”.

      Qeyd edək ki, o, 2020-ci ildə AzMİU-nun Memarlıq fakültəsinin Britaniya Memarlarının Kral İntitutunun (RIBA) akreditasiyasından keçməsinin ardından RIBA-ya tələbə üzv olan ilk Azərbaycanlı gənc olmuşdur. Elə həmin ildən M-Arch Group MMC-də memar vəzifəsində çalışır.

07-07-2022