Почетные выпускники

Выпускники
Gülçöhrə Hüseyn qızı Məmmədova
Memarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Respublikasının əməkdar memarı.
Gülçöhrə Məmmədova 24 aprel 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. 1975-ci ilin sentyabr ayında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun komsomol komitəsinin katibi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə həmin institutun memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlamışdır. 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru vəzifəsinə seçilmişdir.
1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir.
Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir.
1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Bir çox beynəlxalq elmi konfransların təşkil olunmasında iştirak edib və məruzələrlə çıxış etmiş, memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir.
2000–2005-ci il tarixində Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur.
1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa Bölməsinin və Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 21 aprel 2006-cı ildə ona "Azərbaycan Respublikası Əməkdar memarı" fəxri adı verilmiş, 11 aprel 2013-cü ildə "Şöhrət" ordeni, 14 iyun 2016-cı ildə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.
 
Dadaşov Sadıq Ələkbər oğlu (1905-1946)
Dadaşov Sadıq Ələkbər oğlu (1905-1946)
Professor –memarlıq tarixçisi, Azərbaycan sovet memarlığının banilərindən biri. SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1941). Azərbaycan SSR EA-nın akademiki (1945). Azərb. SSR əməkdar incəsənət xadimi (1940). SSRİ Dövlət mükafatı laureatı (1941).
                                                                                                  
Sadıq Dadasov 1929-cu ildə M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir.
O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur.
O, “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordenləri və medallarla təltif edilmişdir. Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə  vəfat etmişdir.
Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır.
O, Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş, bu məqsədlə 1934-1940 və 1944-1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil etmişdir.
Sadıq Dadaşov memarlıq və nəzəri əsərlərini görkəmli Azərbaycan memarı və memarlıq tarixçisi Mikayıl Hüseynovla birgə yaratmışdır. Sadıq Dadaşovun layihəsi əsasında Bakıda və respublikanın digər şəhərlərində çoxlu yaşayış, ictimai və mədəni-məişət binaları tikilmiş və bu memarlıq əsərləri Azərbaycan memarlığının inkişafında böyük rol oynamışdır.
Sadıq Dadaşov 1929-1933 illərdə 23 tikilinin layihəsini vermişdir. Bunlara Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Akademiyası), İncəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası aiddir.
Sadıq Dadaşovun əsas işlərinə Azərbaycan Texniki Universitetinin (1935), "Nizami" kinoteatrının (1934), Bakı Musiqi Akademiyasının (1936), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muze-yinin binası (1940) və s. aiddir. Sadıq Dadaşov Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə, 1949-cu ildə Bakıda qoyulmuş abidələrinin layihə müəllifidir.
Sadıq Dadaşov bir neçə elmi əsərin müəllifidir. Əsas elmi əsərləri: Pamətniki azerbaydjanskoy arxitekturı v Baku. Moskva, 1938. Arxitekturnıe pamətniki Baku.  Moskva, 1946. Arxitektura Azerbaydjana III-XVIII vv., Moskva, 1948.Arxitektura sovetskoqo Azerbaydjana. B.-M. 1950.  Ansamblğ dvorüa Şirvanşaxov v Baku.  Moskva, 1956. Bakının memarlıq abidələri. Bakı, 1955.

 

Əbdülvahab Rəhim oğlu Salamzadə  1916-1983 memarlıq elmləri doktoru, professor,  Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əbdülvahab Rəhim oğlu Salamzadə (1916-1983)
Memarlıq elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü
Əbdülvahab Salamzadə milli memarlıq tariximizi öyrənən ilk alimlərdəndir. Azərbaycan memarlıq məktəblərinin müəyyənləşdirilməsi, onların milli, konstruktiv və bədii xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi, coğrafi arealının təyin olunması onun adı ilə bağlıdır.
Alim Azərbaycan memarlıq məktəblərinin o çağadək bəlli olmayan mənzərəsini, tarixini yaratmışdır. Naxçıvan, Şirvan memarlıq məktəbləri kimi sənət tariximizin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.
O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.
   Akademik Əbdülvahab Salamzadənin kitabları Azərbaycan memarlıq tarixinin ən mükəmməl nümunələrindəndir. Onun müxtəlif illərdə yazdığı «Abidələr danışır» (Bakı, 1952), «Azərbaycan memarlıq abidələri» (Bakı, 1958), «Əcəmi Naxçıvani» (Bakı, 1976), «Arazboyu abidələr» (K.Məmmədzadə ilə birgə; Bakı, 1979) və bir çox başqaları hələ uzun illər boyu elmə xidmət edəcək. Bu görkəmli alimin M.Hüseynov və L.Bretanitski ilə birgə hazırladığı «Azərbaycan memarlıq tarixi» adlı fundamental əsəri isə (rus dilində; Moskva, 1963) milli memarlıq tariximizdə müstəsna əhəmiyyətə malikdir. O, həm də Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərimizin şəhərsalma mədəniyyətini tədqiq etmişdir. MEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 

 

 
Kamil Məmmədəli oğlu Məmmədzadə (1926 - 1998) 
Sənətşünaslıq doktoru, professor
Kamil Məmmədzadə respublikanın görkəmli alimlərindən biridir. Onun tədqiqatının əsas istiqaməti Azərbaycan memarlığı və arxeologiyasının tikinti mədəniyyəti tarixidir. O, 80-dən artıq elmi əsərin, o cümlələdən beş monoqrafiyanın müəllifidir. Onun «Qədim dövrlərdən XIX əsrə qədər Azərbaycanın tikinti sənəti»  adlı monoq-rafiyası böyük elmi-praktiki əhəmiyyətə malikdir. Akademik Ə.V.Salamzadə ilə birgə yazdıqları «Arazboyu abidələr», «Şəkinin memarlıq abidələri», «Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri» adlı monoqrafiyaları Azərbaycan memarlıq elminə böyük töhfədir.
 Uzun müddət Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya  İnstitutunda çalışmışdır.
 

 

Şamil Seyfulla oğlu Fətullayev
Memarlıq elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan SSR-nin əməkdar memarı, Dövlət mükafatı laureatı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti
1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakultəsini bitirmişdir. 1956-cı ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor adını almışdır. Şamil Fətullayevin əsas xidməti XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid Azərbaycan memarlığının tədqiqi və təbliğidir. Onun tədqiqatları məzmunu, tədqiqat predmeti və problematikasına görə çox unikaldır. Şamil Fətullayevin rəhbərliyi altında 15-ə yaxın memarlıq üzrə fə lsəfə, 3 memarlıq doktoru dissertasiyasına rəhbərlik etmişdir. O, bir çox monoqrafiyaların, o cümlədən  «XIX əsrin sonu-XX əsrin əvvəlləri Bakının yaşayış evlərinin memarlığı», «XIX əsrin sonu-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı», «XIX əsrin sonu-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və  memarlığı», «Azərbaycan məscidləri», «Abşeron memarlığı»,  «Bakının memarlıq ensiklopediyası», «İran şəhərləri Qacarlar dövründə»  və s. müəllifidir. 

 

Tələt Аğasıbəy oğlu Xanlarov (1927-2004) 
Tələt Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində qədim Bakı əsilzadələri nəslindən olan Peterburq Universitetinin hüquq fakültəsinin məzunu Аğasıbəy Əli Qulu bəy oğlu Xanlarovun ailəsində anadan olmuşdur. Anası Sara xanım Azərbaycan Tibb Universitetinin ilk məzunlarından biri idi. Tələt ailənin böyük oğlu idi.
Tələt Xanlarov 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.
O, 1956–1992-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərdövlətlayihə" Baş Dövlət Layihə İnstitutunda memar, layihənin baş memarı, 2 nömrəli memarlıq-layihələndirmə şöbəsinin rəhbəri, institutun Baş memarı vəzifələrində işləyərək əsas müəllif əsərlərini yaratmışdır.
1992-ci ildən "Akademik T.A.Xanlarovun yaradıcılıq emalatxanası"na başçılıq edirdi və Bakı şəhəri və onun ətraf qəsəbələrində inşa edilməkdə olan "İmam Rza" məscidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məscidi, prokuratura işçilərinin yaşayış binası, bir neçə inzibati, yaşayış binalarının və fərdi bağ evlərinin layihələrini tərtib etmişdir.
1967–2002-ci illər ərzində Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq İdarəsinin Şəhərsalma Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
Tələt Xanlarov 60-dan artıq layihənin müəllifidir, o cümlədən: Heydər Əliyev adına İdman Arenası, Memar Əcəmi metrostansiyası, Mərkəzi Statistika idarəsi, Baş Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov və Nizami rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Mingəçevir şəhərində avarçəkənlərin Olimpik bazası,   Sumqayıt şəhərində Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı, Naxçıvan şəhərində Təbriz mehmanxanası və s.

 

Kamal Hüseynağa oğlu Məmmədbəyov (1924-1997)
Görkəmli SSRİ və Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki, Azərbaycan SSR əməkdar memarı 
Sumqayıt şəhərinin şəhərsalma və memarlıq üzrə ilk tədqiqatlar Kamal Məmmədbəyov tərəfindən keçirilib. Kitab «Sumqayıt» şəhərin memarlığına və şəhərsalmasına həsr olunub (1988). Memar Kamal Məmmədbəyov kitabın tam komplektləşdirilməsi və nəşrə hazırlanmasını və çertyojların çəkilməsi ilə yanaşı, hətta fiksajlama, monoqrafiyanın bədii tərtibatını, maketləşdirilməsini də həyata keçirərək kitabın rəssamlıq işlərini yerinə yetirmişdir.
 

 

Cəfər Əli oğlu Qiyasi
Memarliq doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Cəfər Əli oğlu Qiyasi 1942-ci ildə Azərbaycanın qədim şəhəri Ərdəbilin Hüsnə kəndində anadan olmuşdur.1946-cı ildə ailəsi ilə birlikdə  Quzey Azərbaycanının Nuxa şəhərinə köçmüş Cəfər Qiyasi 1961-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsində təhsil alaraq memar ixtisasına yiyələnmiş, nstitutu bitirdikdən sonra 1967-1971-ci illər ərzində “Soyuzkurortproyekt” İnstitutunda çalışaraq öz layihələrinin maraqlı və qeyri-adi memarliq həlləri ilə nəinki Bakıda,eləcə də Moskvada diqqəti cəlb etmişdir.1971-ci ildə O, Azərbaycan Elmlər Akademiyasının Memarliq və İncəsənət  İnstitutunun əyani aspiranturasına daxil olmuş və Güney Azərbaycanının orta əsr memarlıq irsini öyrənməklə, şəhərsalma və memarlıq mühitinin təhlili əsasında namizədlik,1997-ci ildə isə “Memar Xacə Əlişah Təbrizi” (dövrü və yaradıcılığı) mövzusunda doktorluq dissertasiyanı müdafiə etmişdir. C.Qiyasi 2001-ci ildən AMEA-nın müxbir üzvü seçilmiş, 2007-ci ildə professor adına layiq görülmüşdür. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işci kimi fəaliyyət göstərən Cəfər Qiyasi 1989-cu ildə “Memarlıq abidələrinin  ölçülməsi və bərpası problemləri” laborotoriyasının rəhbəri seçilmişdir.1993-cü ildə Tarix və Mədəniyyət Abidələrinin  Mühafizəsi və Bərpası Komitəsi nəzdində yaradılmiş “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru təyin edilmişdir. Alimin elmi axtarişları onun çap etdirdiyi monoqrafiyalarında daha dolğun öz əksini tapmışdır. O, 200-dən artıq elmi məqalənin, 9 monoqrafiyanın müəllifidir. Onun “Abşeron boyları”(1971),” Yaxın-uzaq ellərdə”(1985),”Nizami dövrü memarlıq abidələri”(1991),”Azərbaycanda Qalalar, qəsrlər”(1994), ”Erməni kültür terroru”(1996) və başqa əsərləri memarlıq elminə yeni töhvələr bəxş etmişdir. C.Qiyasi elmi fəaliyyəti ilə yanaşı bir sıra layihələrin müəllifidir. Hələ Sovetlər dönəmində  1971-ci ildə Şuşada tikilmiş sanatoriya binasının layihəsinə görə Moskvada “İnşa edilmiş ən yaxşı obyekt” mükafatına layiq görülmüşdür. Ankara şəhərində “Ülgüçü” abidəsi, Qobustanda muzey layihəsi, xalq şairi M.Arazın, Rafael Allahverdiyevin, Əbülfəz Elçibəyin qəbirüstü büstünün layihələri alimin diqqətəlayiq işlərindəndir. Ankarada “Türksoy” xidmət  binasının layihəsinə görə müəllif 2009-cu ildə “Şərəf” medalına layiq görülmüşdür. C.Qiyasi Azərbaycanda aparılan bir sıra bərpa layihələrinin elmi məsləhətçisidir.Tədqiqatçı-alim dəfələrlə Türkiyə, İran, Türkmənistan, Özbəkistan, Rusiya, Amerikada beynəlxalq, eləcə də respublika konfranslarında çıxışlar etmişdir.2000-ci illərdə YUNESKO-nun xətti ilə Azərbaycanın bir sıra memarlıq abidələrinin (Qobustan, Şirvanşahlar sarayı,  Qız qalası daxil edilməklə İçəri şəhər) “Dünya irsi” siyahısına salınması üçün sənəd toplusunun işlənib hazırlanmasına rəhbərlik etmişdir.
C.Qiyasi 28 ildən artıq pedaqoji fəaliyyətlə  məşğuldur. O, 1983-cü ildən AzMİU-də dərs deməklə bir sıra namizədlik və magistr dissertasiyalarının elmi rəhbəri olmuşdur.
AMEA-nın müxbir üzvü, professor C.Qiyasi eləcə də ictimai fəaliyyət göstərməkdədir.O, AAK-da ekspert şurasının, Mədəniyyət və Turizm Nazirliyinin kolleqiyasının və Memarlar İttifaqının Rəyasət Heyətinin üzvüdür.

 

Feyzulla Ağasəfər oğlu Quliyev 
Azərbaycan Respublikasının əməkdar memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü.
1940-cı ildə  anadan olmuşdur.  1958-1964-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnsitutunun memarlıq fakultəsində təhsil almışdır.
Beş ilə yaxın Qazaxıstanda memar kimi fəaliyyət göstərmişdir. Bu müddət ətzində Qaraqanda vilayətində Abay, Şaxtinski və Saran şəhərlərinin master planlarını hazırlamış, Qaraqanqa şəhərinin bir sıra yaşayış rayonlarının müfəssəl planlarının, o cümlədən bağlı buz örtüklü idman qurğusunun, pioner və məktəblilər sarayı kimi layihələrin müəllifi olmuşdur.
Uzun müddət Bakı Dövlət Layihə İnstitutunda məsul vəzifədə fəaliyyət göstərmişdir. SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı müəllifidir.
Hazırda Dünya Bankının dəstəyi ilə həyata keçirilən Böyük Bakının regional inkişaf planının hazırlanmasında şəhərsalma üzrə məsləhətçidir. Həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir.

 

Rəhim Seyfullayev
Azərbaycanın əməkdar memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü
1944-cü ildə  Bakı şəhərində anadan olub. Öz təhsilini Azərbaycan Politexnik İnstitunda almışdlr. Memarlıq praktikasını Layihələr institunda (”Azərdövlətlayihə”) başlmış, iki il sonra ailəsi ilə birlikdə Norilsk şəhərinə köçmüş və orada öz fəaliyyətini Layihə institutunda (“Norilskproekt”) davam etmişdir. Bir ildən sonra isə onu rəsm emalatxanasının dizayneri vəzifəsinə dəvət etmişlər. Emalatxana şəhərin ictimai interyerinin dizaynını hazırlayırdı. 1976-ci iıdə Azərbaycanın Memarlar İttifaqinin, 1980-ci ildə isə Rəssamlar ittifaqının üzvüdür. Bakiya gayıdışında, Bakının baş rəssamı vəzifəsində çalışır.1992-ci ildən şəxsi praktikayla məşgul olur. 1999-cu ildə Şərq Ölkələri  Beynalxalq Memarlıq Akademiyasının həqiqi üzvü seçilmişdir.
2002-ci ildən Azərbaycanın əməkdar memarıdır. 2014-cü ildə “Şöhrət” ordeninə layiq görülmüşdür.   

 

İsbatov İlqar Aydın oğlu
Azərbaycan Respublikası Memarlar İttifaqının Şəhərsalma üzrə komissiyasının sədri İsbatov İlqar Aydın oğlu 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Mühəndis İnşaat institutunun Memarlıq fakultəsinə daxil olmuşdur. 1984-cü ildən təhsilini Moskva Memarlıq İnstitutunun Şəhərsalma fakultəsində davam etdirmiş və 1987-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
21 aprel 1987-ci ildə Bakı Dövlət Layihə İnstitutunun Baş Plan emalatxanasında memar vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1998-ci ildən “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda baş memar, 2008-ci ildən Bakı Dövlət Layihə İnstitutunun direktorudur. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə İlqar İsbatov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
100-dən artıq memarlıq layihəsinin müəllifidir: FHN Akademiyasının təhsil korpusu, 18, 41, 132-134 saylı məktəblərin yenidənqurulması, Qəbələ İcra Hakimiyyətinin inzibati binası, XİN işçiləri üçün M.İbrahimov küçəsində yüksəkmərtəbəli yaşayış evi, Moskva prospektində yüksəkmərtəbəli çoxfunksiyalı binanın layihəsi və s.
1993-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2008-ci ildə “Ustad Memar” yüksək peşəkarlıq sertifikatı ilə təltif edilimişdir. 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmiş, 2012-ci ildə “Azərbaycanın Əməkdar memarı” fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Beynəlxalq   Memarlıq Akademiyasının Moskva bölməsinin professoru seçilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif edilmişdır.

 

Nazim Vəliyev  
Azərbaycanın əməkdar memarı, Şərq  Ölkələri  Beynəlxalq  Memarlıq  Akademiyasının  müxbir  üzvü   
Təhsilini 1970-1979–cu illərdə  Azərbaycan Politexnik İnstitunda almışdlr. Memarlıq praktikasını Bakı şəhər İcraiyyə Komitəsinin Xüsusi Layihə və Smeta bürosunda, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsində,  “EL&EN”,  “Layihə Tikinti “MMC memarlıq şirkətlərində keçmişdir. Əsas layihə işləri – “Şəhidlər Xiyabanı Ədəbi məşəl kompleksi”, “Green  Park və Green  Palase” Yaşayış kompleksləri,  Bilgəhdə Jumeirah oteli, MTN-nin Yeni  inzibatı  binası, MTN-nin Hərbi Hospitalı MTN-nin  Hərbi əks-kəşfiyyat  kompleksi. 
“İlin ən yaxşı  tikilisi”, (1995 –Bakı; 2004-Bişkek; 2011Minsk),   “Humay” mükafatı  laupeatı  (1999),  “Ustad  memar “  adına layiq görülmüşdür.
  2012 –ci ildə “Tərəqqi“ medalı ilə təltif edilmişdir.      Azərbaycanın əməkdar memarıdır.   ML və Şəhərsalma kafedrasının dosentidir.    
 
 

 

Sənan Salamzadə
Azərbaycanın əməkdar memarı
Təhsilini 1966-1971–cu illərdə  Azərbaycan Politexnik İnstitunda almışdlr. Memarlıq təcrübəsini  1971-1990-cı  illərdə Azərbaycanın aparıcı layihə institutlarında  əldə etmişdir, sərbəst memar kimi çalışmışdır.
2007-ci ildən Layihə Tikinti MMC şirkətində baş memar işləyir.
Əsas layihə işləri – H.Əliyev adına Hava Limanı – “Şərəf” salonu, “Dalğa Plaza”, “İzmir” yaşayış kompleksi, “Nəsimi” Ticarət mərkəzi, “Müstəqillik” stellası, “SW Business Aviation” binası, “Kristal Plaza 2” ofis binası, Milli Aviasiya Akademiyası, Gənc Tamaşaçılar Teatrı,  H.Əliyev prospektində Qonaq evləri və s.
“Ustad  memar “  adına layiq görülmüşdür.     
 
 

 

İmaməliyev Nəriman Məcid oğlu
Azərbaycan Respublikası Memarlar İttifaqının Memarlıq yaradıcılığı üzrə komissiyasının sədri İmaməliyev Nəriman Məcid oğlu 1971-ci ildə anadan olmuşdur. 1988-1990-cı illərdə Azərbaycan Memarlıq və İnşaat universitetində təhsil almış və 1990-1994-cü illərdə Krakov Politexnik universitetində təhsilini davam etdirmişdir. 1994-1998-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş idarəsində memar, 1997-1998-ci illərdə “Azərsun Holding” MMC-də memar, 1998-2001-ci illərdə “El&En” memarlıq şirkətində memar vəzifəsində çalışmışdır. 2001-ci ildən “Nəriman Memarlıq” memarlıq şirkətinin təsisçisi və baş memarıdır.
Nəriman İmaməliyev 1997-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.
Dəfələrlə Respublika və beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Bir çox layihələrin müəllifidir: Bakıda “Çıraq Plaza”, Tbilisi prospektində 14 mərtəbəli otel və ofis binası; “Azərkosmos” ASC Əsas peyk idarəetmə mərkəzi; Moskvada Barvixa qəsəbəsində yaşayış kompleksi və s.
2008-ci ildə Azərbaycan Memarlar İttifaqı tərəfindən “Ustad Memar” yüksək peşəkarlıq sertifikatına layiq görülmüşdür. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin 01 oktyabr tarixli Fərmanı ilə «Respublikanın Əməkdar memarı» fəxri adına layiq görülmüşdür. 2015-ci ildən Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur.

 

Babakişiyev Rasim Calal oğlu     
Azərbaycan Respublikası Memarlar İttifaqının Peşəkarlıq etikası Kollegiyasının sədri Babakişiyev Rasim Calal oğlu 1956-cı ildə Dərbənd şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri institutunun memarlıq fakultəsini bitirib və Bakı şəhər Xalq Deputatları Sovetinin Xüsusi Layihə Smeta bürosunda işə başlayıb. 1983-1988-ci illərdə Ticarət və İctimai İaşə Müəssisələrinin Layihələndirilməsi üzrə Dövlət institutunda Qrup rəhbəri; 2002-2013-cü illərdə “AzExCo” şirkətinin baş direktoru; 2015-ci ilin iyun ayından “AMİ PROYEKT” yaradıcı memarlıq layihə birliyinin baş direktorudur.
Rasim Babakişiyev bir cox maraqlı layihələrin müəllifidir: Bakıda – Bakı-Səlyan şossesinin  14-cü kilometrində  Beynəlxalq terminal kompleksinin  layihəsi, “RAMADA” mehmanxanasının layihəsi və s.: Memarlıq qoruğu  “İçəri şəhər”də – “Old City” və "Bürc" restoranlarının layihəsi, “Şah  Palas” mehmanxanasının layihəsi və s.; Gəncədə  “RAMADA   PLAZA”  mehmanxanasının  layihəsi, Göygöl  şəhərində  İcra  Hakimiyyətinin  binasının layihəsi, Şəki  şəhərində  “Şəki  Palas” mehmanxanasının  layihəsi və s.
Memarlıq fəaliyyəti zamanı dəfələrlə respublika və beynəlxalq memarlıq müsabiqələrində qalib olmuşdur.
1986-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2008-ci ildə “Ustad Memar” yüksək peşəkarlıq dərəcəsinə layiq görülmüşdür. 2012-ci ildə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmiş, 25 noyabr 2016-cı ildə ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Əməkdar memar” fəxri adı verilmişdir.
2017-ci ildən Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur.

 

Ağayev Famil Adıl oğlu        
Ağayev Famil Adıl oğlu 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Mühəndis İnşaat institutunun Memarlıq fakultəsini bitirib.1997-ci ildən S-MODUS memarlıq şirkətinin direktoru. Famil Ağayev bir cox layihələrin müəllifidir. Memarlıq fəaliyyəti zamanı dəfələrlə beynəlxalq memarlıq müsabiqələrində qalib olmuşdur.
2012-ci ildə ona “Əməkdar memar” fəxri adı verilmişdir.
 

 

Əcnəbi məzunlar

































































































Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Fakültənin 21 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim olmaqla 122 üzvü vardır.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültə haqqında. Memarlıq fakültəsi öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə Memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsili pilləsində mütəxəssislər hazırlayır. Fakültənin professor-müəllim heyətinin böyük əksəriyyəti memarlıq layihələndirilməsi- şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hal - hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 12 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 2 nəfəri «Şöhrət» ordeni laureatı, 12 nəfəri respublikanın əməkdar memarı, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.

Yaranma tarixi. Memarlıq fakültəsinin 90 ildən artıq yaşı vardır.

İlkin olaraq indiki Neft Akademiyasının nəzdindəki İnşaat fakültəsinin tərkibində Memarlıq bölməsi kimi mövcud olmuşdur. 1968-ci ildə inşaat fakültəsindən memarlıq bölməsinin ayrılması nəticəsində memarlıq fakültəsi yaradılmışdır. Memarlıq fakültəsində 2 istiqamətdə memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Fakültənin bakalaviatura, magistratura və doktorantura bölməsində hər bir istiqamətdə olan ixtisaslar üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər memarlıq, şəhərsalma, ətraf mühitin dizaynı, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər.

Fakültədə təhsil. Fakültəyə daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və universitetdə rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər.