AzMİU SABAH qrupu tələbəsi: “Arzum gələcəkdə yaxşı mütəxəssis kimi fəaliyyət göstərməkdir” - 09.02.2023

Rüfət Nəsirov Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alır. O, SABAH qruplarına dostunun məsləhəti ilə yüksək səviyyəli bilik, yaxşı təcrübə almaq üçün qoşulduğunu deyir: “SABAH-da əsasən müxtəlif mövzularda araşdırmalar aparılır, tikinti ilə bağlı real çertyojlar, hesabatlar və istehsal texnologiyası göstərilir. Hər semestr xarici dil öyrədilir. SABAH qruplarında hər zaman treninq seminarları və görüşlər keçirilir.

Bundan əlavə, bizə SABAH qruplarının təşkilatçılığı ilə İT, proqramlaşdırma və Microsoft Office təlimləri verilib. Ümumiyyətlə universitetdə oxuduğum dövrdə inşaatda müxtəlif təcrübələrdə olmuşam. Tikintidə olduğum müddətdə layihə cizgilərini yaxşı mənimsədim, lazım olan material və məlumatları hesablamağı, kollektivdə işləməyi, iş bölgüsü və idarəetmə sistemini öyrəndim. Eyni zamanda, mühəndis proqramları üzrə LİRA 9.6R9, LİRA SAPR, SAP 2000, ETABS, ESPRİ, Manomakh, Avtokad proqramlarını mənimsədim”.

R.Nəsirov xaricdə magistratura təhsili almaq, bu sahə üzrə biliklərini, dünyagörüşünü artırmaq istədiyini bildirir: “Arzum təhsilimi bitirdikdən sonra öz ölkəmə qayıdıb, millətim, dövlətim üçün çalışmaq, bu sahəni daha da inkişaf etdirmək, gələcəkdə yaxşı mütəxəssis kimi fəaliyyət göstərməkdir ”.

09-02-2023