AzMİU tələbələrilə “Təhsilin keyfiyyətinin yüksəldilməsində İKT-nin tətbiqi” mövzusunda görüş keçirilib 


     Azərbaycan Respublikasında Memarlıq, İnşaat Elminə və Tədrisin İnkişafına Yardım Xeyriyyə Fondu tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin icrasına başlanılıb. Layihənin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün səmərəli innovasiya sistemlərinin və müasir təhsil texnologiyalarının tətbiqi ilə pedaqoji-metodiki bacarıqların inkişaf etdirilməsi, innovativ tədris metodologiyasının yaradılmasına, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılmasına, insan resurslarının inkişaf etdirilməsinə, bir sözlə, müasir təhsilimizin bütövlükdə təkmilləşməsinə nail olmaqdır. 
     Bu məqsədlə layihədə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyalarının inkişafına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən 3 dəyirmi masa və yerli DTV-də keçirilməsi nəzərdə tutulan 2 dəfə olmaqla 30 dəqiqəlik verilişlərdə bu istiqamətdə bir sıra mühüm məsələlər müzakirə olunacaq. 
     Layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sayca ikinci dəyirmi masa keçirilib. “Təhsilin keyfiyyətinin yüksəldilməsində İKT-nin tətbiqi” mövzusunda keçirilən dəyirmi masada Fondun icraçı direktoru Orxan Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə ümumi məlumat verdikdən sonra hazırda fond tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə seminar iştirakçılarına ətraflı məlumat verib. 
     AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, dosent Nurməmməd Məmmədova verilib. O, öz çıxışında ali təhsilin dünya təhsil sisteminə inteqrasiyasının problemləri, təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri kimi amillərin əhəmiyyətindən danışıb. 
AzMİU-nun İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin müdiri, eyni zamanda İnformasiya texnologiyaları və sistemləri kafedrasının müəllimi Sərxan Talıbzadəyə dünya və avropa təhsil məkanında təhsil müəssisələrində istifadə edilən innovativ təlim metodları, müasir təhsil texnologiyalarının inkişaf yolları, təhsilin inkişafında İKT-nin tətbiqi səviyyəsi, müxtəlif onlayn təhsil platformaları kimi məsələlər barədə tələbələrə ətraflı məlumat verib. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb. 
     Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasında Memarlıq, İnşaat Elminə və Tədrisin İnkişafına Yardım Xeyriyyə Fondu 09.08.2002-ci il tarixində Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınıb. Təşkilatın məqsədi, respublikamızdakı tarixi-memarlıq və mədəniyyət abidələri haqqında geniş məlumat toplamaq, bu tarixi abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında, milli mədəni irsimizin qorunub saxlanmasında, eləcə də gələcək nəsillərə ötürülməsində hər bir vətəndaşımızın məsuliyyəti kimi məsələləri təbliğ etmək, memarlıq, inşaat sahələri üzrə təhsil, istehsalat və əmək bazarında mövcud olan problemləri öyrənmək, onların həll yollarını araşdırmaq, həmçinin bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirməkdir. 
 

 

26-10-2022