Rektor Tikinti-iqtisad fakültəsinin birinci kurs tələbələri ilə görüşüb


Rektor Tikinti-iqtisad fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Tikinti-iqtisad fakültəsinin I kurs tələbələri ilə görüşüb. Görüşdə universitetin prorektorları, Tikinti-iqtisad fakültəsinin dekanı və tələbə təşkilatlarının nümayəndələri də iştirak ediblər. 
Tikinti-iqtisad fakültəsinin dekanı Rahad Qəribov çıxış edərək birinci kurs tələbələri ilə keçirilən görüş üçün rektora tələbələr, fakültənin professor-müəllim heyəti və öz adından dərin təşəkkürünü bildirib. 
Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayan rektor, professor Gülçöhrə Məmmədova gəncləri hər şeydən öncə vətənpərvər olmağa, təhsildə daim naliyyətlər əldə etməyə çağırıb. Rektor qeyd edib ki, tələbələrin başlıca vəzifəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni təhsildə davam etdirməkdir. 
AzMİU-da, eləcə də Tikinti-iqtisad fakültəsində tədris olunan ixtisasların əhəmiyyətinə toxunan rektor tələbələrə universitetdə yaradılan tədris imkanından yararlanmağı tövsiyə edib. Universitet tərəfindən tələbələr üçün hər cür şəraitin yaradıldığını deyən professor Gülçöhrə Məmmədova AzMİU-nun müasir maddi-texniki baza ilə təmin olunduğunu vurğulayıb və komputer vasitəsilə test, eləcə yazılı imtahan prosesləri, kitabxana haqqında geniş məlumat verib. Universitetin elm, bilik qazandırma missiyası ilə yanaşı, şəxsiyyət, layiqli vətəndaş yetişdirmək vəzifəsinin də olduğunu qeyd edən rektor tələbələri ictimai həyatda, xüsusilə universitetin tələbə təşkilatlarında da aktiv iştiraka səsləyib. 
AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov da çıxış edərək tələbələrə öz tövsiyələrini verib və onlara uğurlar arzulayıblar. 
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib. 


 

19-10-2022