AzMİU-nun tədqiqatçıları üçün  Scopus bazasının  resurslarından istifadə metodları ilə bağlı  növbəti onlayn vebinar keçirilib [11.05.2022]


 Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə Elsevier şirkəti professor-müəllim heyəti üçün “Məqalə nəşr etmək üçün jurnalları necə seçməli?” adlı onlayn vebinar keçirilib. 
     Elsevier şirkətinin analitik işlər üzrə məsləhətçisi Kirill İvanov çıxışında beynəlxalq elmi nəşrlərdə məqalə nəşr etməyi planlaşdıran hər kəs üçün aktual olan məsələlərə toxunub, Scopus bazasından istifadə edərək platformada axtarışın müxtəlif üsulları, o cümlədən, məqalələrin mövzusundan asılı olaraq uyğun jurnalların tapılması qaydaları barədə məlumat verib. Məruzəçi Scopus bazasında olan  jurnallarda məqalələrə qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərdən də danışıb, professor-müəllim heyətini maraqlandıran sualları cavablandırıb. 
    Vebinarın sonunda 50 nəfər iştirakçı sertifikatlarla təltif olunub.
    Məlumat üçün qeyd edək ki, təlimin  keçirilməsində məqsəd  professor-müəllim heyətini, xüsusi ilə də gənc alim və tədqiqatçıları mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan Scopus bazasının resurslarından istifadə metodları, bazaya daxil olan nüfuzlu beynəlxalq jurnallarda məqalələrə qoyulan tələblər və onların idarə edilmə prinsipləriylə tanış etməkdir. 

11-05-2022