AzMİU-nun əməkdaşları “Yaradıcı Qığılcım” layihəsinin “Big Idea Challange 2022” ideya yarışmasına hazırlaşan startapçılarla görüşdə iştirak edib
AzMİU-nun əməkdaşları “Yaradıcı Qığılcım” layihəsinin “Big Idea Challange 2022” ideya yarışmasına hazırlaşan startapçılarla görüşdə iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Yaradıcı Qığılcım” layihəsinin “Big Idea Challange 2022” ideya yarışmasına hazırlaşan startapçılarla növbəti görüş keçirilib. Yarışma Britaniya Şurasının təşəbbüsü ilə İİTKM və İngiltərənin Nyukastl Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Görüşdə layihənin ölkə üzrə meneceri Elnur Əliyev açılış nitqi ilə çıxış edərək, layihə və onun məqsədləri haqqında məlumat verib. Daha sonra “EnterpriseAzerbaijan.com” portalının rəhbəri Mətanət Musayeva startapçılara portalın fəaliyyəti və qalib gələn digər layihələr barədə danışıb. Tədbirdə iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova gənclərə əsas tarixlər, video “pitching”lərin hazırlanma formaları, ideyaların düzgün kateqoriya üzrə bölünməsi və üstünlük təşkil edən sahələrlə bağlı təqdimat edib. Həmçinin AzMİU-nun Strateji planlaşdırma departamentinin rəhbəri Türkan Əliyeva ideyaların ilkin təhlili, mükafat və müsabiqənin şərtlərinə dair izahat verdikdən sonra mentorlar arasında müzakirələr aparılıb.
İİTKM-in könüllülərindən ötən il həmin müsabiqədə “Stork” layihəsi ilə qalib gələn AzMİU-nun tələbəsi Elnur Məmmədov və “Yeni nəsil 2.0” müsabiqəsində “Greenbomb” layihəsi ilə qalib gələn Bakı Dövlət Universitetinin tələbəsi Kəmalə Məmmədova startapçılara dəstək olublar.
Sonda tədbirdə iştirak edən Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və onlayn qoşulan Gəncə Aqrar Universitetinin 50-dən çox tələbəsi, həmçinin İİTKM-in könüllüləri layihə ilə bağlı suallarını ünvanlayıblar.