AzMİU-da gənc tədqiqatçılar üçün “Open Science Azərbaycan” layihəsinin təqdimatı keçirilib
AzMİU-da gənc tədqiqatçılar üçün “Open Science Azərbaycan”
layihəsinin təqdimatı keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Open Science Azərbaycan” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçıar arasında Open Science platformasının təbliği” mövzusunda seminar keçirilib. Layihənin əsas məqsədi gənc tədqiqatçılara Open Science, Open Access, Open Research Date, Open İnnovation, Open Research Computation, ResearchGate, Scientific Social Network haqqında bilik və informasiyalar vermək, Open Access jurnallarına çıxış imkanları, ORCID, indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında məlumatlandırmaq, Open Science-in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır.
Açılış mərasimində AzMİU-nun Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva çıxış edərək “Open Science Azərbaycan” layihəsi haqqında iştirakçılara məlumat verib. O, çıxışında vurğulayıb ki, layihə gənc tədqiqatçıların xarici həmkarları ilə əlaqələrinin güclənməsinə, elmi araşdırmalarını daha geniş auditoriyalarda təqdim etmələrinə və Avropa elm məkanına inteqrasiya olunmalarına imkan yaradır. “Layihənin məqsədi elmi-tədqiqatların, məlumatların və onların yayılmasının cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan olmasını təmin etməkdir”.
Seminarda AGADMC-nin eksperti, fəlsəfə doktoru Sevinc Ədilova da geniş təqdimatla çıxış edib, bildirib ki, layihə elmi-tədqiqatların tamamilə şəffaf aparılması təcrübəsini təşviq edir və elmi araşdırmaların nəticələrini hamıya çatdırır, gənc alimlərin məqalələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunması imkanını yaradır.
Tədbirin sonunda 80-ə yaxın iştirakçıya sertifiktlar təqdim olunub.