Zəfər Günün mübarək, Azərbaycan!
Mən müharibənin ilk günündən bu günə qədər – sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
________________________________________
Bundan sonra hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Zəfər Günün mübarək, doğma Azərbaycanım! Xalqımız 30 il idi ki, bu günü böyük səbirsizliklə gözləyirdi. 1993-cü ilin ikinci yarısından başlayaraq, addım-addım bu günə yaxınlaşmışıq. Ancaq dünyada baş alıb gedən ədalətsizlik, ikili standartlar, islamofobiya yolumuzda qaratikan kimi bitmişdi. Son 17 ildə həyata keçirilən qətiyyətli, cəsarətli, düşünülmüş daxili və xarici siyasət sayəsində, nəhayət, bu qaratikanlar tədricən məhv edildi, 10 noyabr 2020-ci il tarixində isə ölkəmizə qarşı uzun illərdən bəri davam edən işğalçılıq siyasətinə son qoyuldu. Mənfur erməni tapdağı altında qalmış ərazilərimiz artıq işğaldan azad edildi. Dünya dövlət başçımızın rəhbərliyi ilə rəşadətli ordumuzun tarixi qələbəsini heyranlıqla izlədi. Bəli, dövlət başçımızın 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi.
Hörmətli müəllimlər, əziz tələbələr! Sizi və bütün xalqımızı Zəfər Günü münasibəti ilə səmim-qəlbdən təbrik edirik. Arzu edirik ki, Azərbaycanın uğurları bundan sonra da bol ulsun. Bayrağımız həmişə Azərbaycanımızın hər bir nöqtəsində dalğalansın.
Sənə zəfər yaraşır Azərbaycan! Zəfər Günün mübarək!
Media və ictimaiyətlə əlaqələr şöbəsi.