AzMİU ilə Ankara Universiteti arasında Əməkdaşlıq sazişi imzalanıb 


      AzMİU ilə Ankara Universiteti arasında Əməkdaşlıq sazişi imzalanıb 

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Türkiyənin Ankara Universitetinin rektoru Necdət Ünüvar və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə universitetin rektorluğu, dekanlar və şöbə müdirləri iştirak ediblər. 
          Qonaqları salamlayan rektor Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu, rəhbərlik etdiyi universitetin Türkiyənin ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq etdiyini deyib. O, bu münasibətlərin daha da inkişaf edəcəyini, qarşılıqlı əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb. 
         Ankara Universitetinin rektoru səmimi qəbul üçün həmkarına təşəkkür edib, onunla görüşməkdən fəxr duyduğunu bildirib. Təmsil etdiyi universitet barədə məlumat verən qonaq universitetlər arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində faydalı təkliflər səsləndirib. Eyni zamanda o, gələcək perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadiləsi aparıb.
        Görüşdə təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət haqqında Əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə tərəflər arasında təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə elmi-pedaqoji qrupların və tələbələrin mübadiləsi, əvvəlcədən razılaşdırılmış mövzu üzrə birgə elmi tədqiqatların aparılması, elmi tədqiqatların və məqalələrin birgə nəşri, elmi-texniki və metodiki layihələrin hazırlanması və s. nəzərdə tutulub.
        Görüşdən sonra qonaqlar  AzMİU-da şəhid tələbə və məzunlarımızın xatirəsini əbədiləşdirən Şəhidlər guşəsi ilə tanış olub, torpaqlarımız uğrunda canından keçən qəhrəman oğullarımıza ehtiramlarını bildiriblər. 
 

20-11-2021