“Şuşa ili çərçivəsində Azərbaycan və İtalya gənc memarlarının Bakı Forumu” başa çatıb
3-8 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Şuşa ili çərçivəsində Azərbaycan və İtalya gənc memarlarının Bakı Forumu” başa çatıb.
Bakı Konqres Mərkəzində açılışla başlayan Forum AzMİU-da bu universitetin professor-müəllim heyəti tərəfindən italyan və ingilis dillərində iki günlük emalatxana çalışmaları ilə davam edib. Emalatxana çalışmaları zamanı Azərbaycan və İtaliya gənc memarları qeyri-formal təhsil metodikasına uyğun olaraq qarışıq formada 10 komandaya ayrılıblar.
AzMİU-da layihənin bağlanış mərasimi və sərgi təşkil olunub.
Layihənin bağlanış mərasimində millət vəkili Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, universitetin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyeva, layihənin koordinatoru, İctimaiyyətlə Əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa Muradov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri, Azərbaycan və İtaliya gənc memarları iştirak edib. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Layihənin yekunu olaraq təşkil edilən sərgidə Azərbaycan və İtaliya gənc memarlarının təxəyyülünün nəticəsində ərsəyə gələn və gələcəkdə Şuşa şəhərində tikilməsi mümkün olan 10 sosial obyektin eskizi nümayiş etdirilib.