AzMİU-da “Təhsilin keyfiyyətinin yüksəldilməsində inovativ təlim metodları” mövzusunda  dəyirmi masa keçirilib


AzMİU-da “Təhsilin keyfiyyətinin yüksəldilməsində inovativ təlim metodları” mövzusunda  dəyirmi masa keçirilib

Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir  təhsil texnologiyaları” layihəsinin icrasına başlanılıb. Layihənin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün səmərəli innovasiya sistemlərinin və müasir  təhsil texnologiyalarının tətbiqi ilə pedaqoji-metodiki bacarıqların inkişaf etdirilməsi, innovativ tədris metodologiyasının yaradılmasına, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılmasına, insan resurslarının inkişaf etdirilməsinə, bir sözlə, müasir təhsilimizin bütövlükdə təkmilləşməsinə  nail olmaqdır.
Bu məqsədə nail olmaq üçün layihədə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Səmərəli innovasiya sistemləri və müasir  təhsil texnologiyalarının inkişafına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən 3 dəyirmi masa və yerli DTV-də keçirilməsi nəzərdə tutulan 2 dəfə olmaqla 30 dəqiqəlik verilişlərdə bu istiqamətdə bir sıra mühüm məsələlər müzakirə olunacaq. 
Layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təhsilin keyfiyyətinin yüksəldilməsində inovativ təlim metodları” mövzusunda seminar keçirilib. Tədbiri açıq elan edən Fondun icraçı direktoru Orxan Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə ümumi məlumat verdikdən sonra hal-hazırda fond tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə seminar iştirakçılarına ətraflı məlumat verib. 
Sonra söz AzMİU-nun kafedra müdiri, professor Nurməmməd Məmmədova verilib. O, öz çıxışında ali təhsilin dünya tədsil sisteminə inteqrasiyasının problemləri, təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri kimi amillərin əhəmiyyətindən danışıb. 
Sonra çıxış üçün söz tədbirin əsas mövzusuna uyğun olaraq AzMİU-nun PR və Marketinq mərkəzinin direktoru, eyni zamanda “İqtisadi nəzəriyyə və marketinq” kafedrasının müəllimi İsa Muradova verilib. İsa Muradov dünya və avropa təhsil məkanında təhsil müəssisələrində istifadə edilən innovativ təlim metodları,  müasir  təhsil texnologiyalarının inkişafı yolları, təhsilin inkişafında İKT-nin tətbiqi səviyyəsi, müxtəlif onlayn təhsil platformaları kimi məsələlər barədə tələbələrə ətraflı məlumat verib. 
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.   Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu 09.08.2002-ci il tarixində AR-nın Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınıb.
Təşkilatın məqsədi, respublikamızdakı tarixi-memarlıq və mədəniyyət abidələri haqqında geniş məlumat toplamaq və bu tarixi abidələrin milli-mənəvi dəyərlərin formalaşmasında, milli mədəni irsimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində hər bir vətəndaşımızın məsuliyyəti kimi məsələləri təbiğ etmək, memarlıq və inşaat sahələri üzrə həm təhsildə, həm də bilavasitə istehsalatda və əmək bazarında mövcud olan problemləri öyrənmək, onların həll yollarını araşdırmaq və maarifləndirmə tədbirləri həyata keçirməkdir.

21-10-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]