Nəqliyyat fakültəsinin şəhid tələbəsini doğum günündə andılar

           Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakultəsinin nəqliyyat tikintisi mühəndisliyi ixtisasını bitirən şəhid məzunumuz Rafiq Heydərov doğum günündə anılıb. Şəhidin doğum günündə İkinci Fəxri Xiyabanda təşkil olunan mərasimdə onun yaxınları, doğmaları ilə yanaşı, Nəqliyyat fakültəsinin dekan müavini Etibar Quliyev də iştirak edib. O, Rafiq haqqında xoş xatirələrini bölüşüb, onun nümunəvi tələbə olmasından, həmişə mərdliyi, qorxmazlığı ilə seçilməsindən danışıb. Torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıqla iştirak edən, Vətənin bütövləşməsi yolunda şəhid olan Rafiq kimi oğullarımıza Allahdan rəhmət diləyib, qazilərimizə can sağlığı arzulayıb. 

           Rafiq Heydərov 1 iyul 1995-ci ildə Bakı şəhərində anadan olmuş,  Binəqədi rayonu 157 nömrəli məktəbi bitirmiş, 2012-ci ildə AzMİU-ya daxil olmudur. 2016-cı ildə isə magistratura təhsil səviyyəsinə qəbul olmuşdur. Şəhidlik zirvəsinə ucalan məzunumuz yaxşı insan, savadlı tələbə olmaqla yanaşı, cüdo üzrə çempion idi. 2012-ci ildə Beynəlxalq turnirdə finalda erməni rəqibini məğlub edərək qızıl medal qazanmışdır. O, hərbi xidmətini də nümunəvi əsgər kimi başa vurmuşdur. 29 Sentybar 2020-ci ildə ll Qarabağ müharibəsinə yollanan Rafiq 14 oktyabrda Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi şücaət və qəhrəmanlıq göstərdiyinə görə ölümündən sonra  “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

05-07-2021