Əcnəbi tələbələr işğaldan azad olunmuş rayonlarda

       İyunun 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin səfəri təşkil edilib.  Səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edib. Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan əcnəbi tələbələr də səfərə qatılıb. Səfərdən əvvəl tələbələr Şəhidlər Xiyabanını ziyarət ediblər.

         Səfər çərçivəsində tələbələr Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, köhnə qəbiristanlıq, Cəbrayıl rayonunda Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar”, yay kinoteatrını ziyarət ediblər, şəhərlərdə dağıntılar nümayiş edilib, Cəbrayıl rayonunda xidmət edən əsgər və zabitlərlə görüşüblər.

         Səfər zamanı əcnəbi tələbələr tərəfindən Azərbaycanın böyük ölçülü dövlət bayrağı dalğalandırılıb, “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib. Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib.

         Sonda xatirə şəkili çəkdirilib, əcnəbi tələbələr öz təəssüratlarını bölüşüblər.

 

04-06-2021