AzMİU-nun Elmi Şurasının üzvləri ölkə prezidentinə müraciət ediblər

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının üzvləri ölkə prezidenti cənab İlham Əliyevə məktub ünvanlayıblar. Məktubda Şura üzvləri ölkəmizin sərhəddində, Tovuz rayonunun Ağdam kəndi istiqamətində gedən döyüşlərdə xain qonşularımızın silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirən rəşadətli Ordumuzun uğurları ilə fəxr etdiklərini, nizamlı Ordumuzun Ali Baş komandanı, prezident İlham Əliyevin bu yolda tutduğu cəsarətli və taktiki mövqeyi dəstəklədiklərini vurğulayıblar. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

          Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

          Möhtərəm cənab Prezident!

         Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələri həyəcanla izləyirik. Təxribatçı erməni silahlı qüvvələrinin mənfur əməllərinin qarşısının müzəffər ordumuz tərəfindən ən qısa müddətdə alınması, xainlərə layiqli cavabın verilməsi, düşmənin çoxlu sayda hərbi texnikası, müdafiə qurğuları və canlı qüvvəsinin sıradan çıxarılması xəbəri bizi qürurlandırır, sevindirir. Baş verənlər Sizin komandanlığınızla gündən-günə güclənən nizamlı ordumuzun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini bir daha nümayiş etdirdi. Bu döyüşlərdə qəhrəmanlıqla şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşımızın itkisi bizi kədərləndirsə də əminik ki, son çıxışınızda vurğuladığınız kimi, “Düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır”.

         Cənab Ali Baş Komandan!

         Biz Sizə inanırıq, Sizə arxalanırıq! Xalq Sizin yanınızdadır, müdrik xalqımız öz dövlətinə və torpağına bağlıdır. İyulun 15-də küçələrə axışan minlərlə insanın Sizə və ordumuza dəstək aksiyası bu birliyi bir daha sübut etdi. Həmin aksiyada təxribatçı ünsürlərin bu birliyi pozmaq cəhdlərini bu gün hamılıqla pisləyir, onların mühakimə edilməsini Sizdən xahiş edirik.  

          Ordumuzun yeni uğurları bizi ruhlandırır və inandırır ki, Qələbə günü elə də uzaq deyil. Prezident və Ali Baş Komandan kimi Sizə sonsuz inamımız bizdə ordumuzun tezliklə düşmən üzərində qələbə qazanacağına əminlik yaradır. Biz böyük zəfərlər astanasındayıq. Bu yolda Sizə güc-qüdrət, böyük uğurlar arzulayırıq. Tanrı yardımçınız olsun!

 

 

          Hörmətlə,

          Azərbaycan Memarlıq və İnşaat

          Universitetinin Elmi Şurasının sədri                                                     

          Gülçöhrə Məmmədova

                                                                                                                                     15 iyul 2020-ci il, Protokol № 7

 

17-07-2020