“Azərbaycan universitetlərinə virtual infotur” layihəsi çərçivəsində abituriyentlər AzMİU ilə tanış olublar

           Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan universitetlərinə virtual infotur” layihəsinin on yeddinci qonağı olan  Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) virtual  infotur təşkil olunub. Virtual infotur zamanı abituriyent və tələbələr universitet haqqında tanıtım filmini izləyib universitetlə tanış olublar, tələbələr üçün yaradılan imkan və üstünlüklərdən xəbər tutublar.  

          İnfoturda AzMİU-nun Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova  izləyiciləri maraqlandıran suallara ətraflı cavablar verib, universitetin əməkdaşlıq etdiyi partnyor şirkətlər, həmin şirkətlərin universitetdə yaratdığı laboratoriya və tədris mərkəzləri haqqında məlumatlar təqdim edib, ali təhsil müəssisəsinin geniş beynəlxalq  əlaqələrindən danışıb.

          Onu da qeyd edək ki, Sabunçu Gənclər Evinin təşkil etdiyi layihənin keçirilməsində məqsəd respublika üzrə bütün abituriyentlərin gələcək ixtisas və universitet seçimlərinə yaxından köməklik göstərmək,  abituriyentlərin rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə universitet nümayəndələri vasitəsilə öz suallarına cavab tapmasına şərait yaratmaq, ali təhsil müəssisələrinin ixtisaslaşdığı istiqamətlər üzrə tələbələr üçün yaratdığı şərait və imkanları abituriyentlərə təqdim etməkdir.

          Məlumat üçün bildirək ki, “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi iyun ayının 30-na kimi davam edəcək.

25-06-2020