Milan Politexnik Universitetinin nümayəndə heyəti AzMİU-da

    Bu gün Milan Politexnik Universitetinin  bərpa işləri üzrə dosenti Nora Lombardini,  Memarlıq fakültəsinin müəllimləri Elena Fioretto və Klaudia Suardi Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər ediblər. İtaliyalı qonaqlar AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər. Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak edib.
    Nora Lombardini səmimi qəbul üçün rektora təşəkkürünü bildirib və səfərlərinin məqsədi barədə məlumat verib. İtalyan qonaq bildirib ki, Avropa Birliyininin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində İtaliyanın Milan Politexnik Universitetinin prorektoru, professor Federiko Buççi 30 yanvar-1 fevral  tarixlərində universitetimizin qonağı olacaq. Məlum olub ki, səfər çərçivəsində professor Buççi AzMİU-nun Memarlıq fakültəsi ilə yaxından tanış olacaq, fakültənin müəllim-tələbə heyəti ilə görüşlər keçirəcək, mühazirə oxuyacaq.  Günün ikinci yarısı italiyalı qonağın İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri nəzərdə tutulub. 
    AzMİU-nun rektoru rəhbərlik etdiyi təhsil müəssisəsi ilə Milan Texniki Universiteti arasında qurulmuş işgüzar əlaqələrin inkişafından, bu əlaqələrin AzMİU-nun Avropa təhsil məkanına inteqrasiyasında böyük rolundan danışıb, minnətdarlığını bildirib. G.Məmmədova Milan Politexnik Universitetinin prorektoru, professor Federiko Buççinin səfərinin əhəmiyyətini də xüsusi vurğulayıb. 
    Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. 
 

27-01-2020