18 yaşında 3 kitabı çap olunan tələbəmiz Ləman Vəlinin “Xəzri” kitabının təqdimatı

    Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsində Tikinti-iqtisad fakültəsinin 2-ci kurs tələbəsi Ləman Vəlizadənin “Xəzri” adlı kitabının təqdimatı olub. Təqdimatda rektorluğun nümayəndələri, dekanlar, kafedra müdirləri, müəllim və tələbələr iştirak edib. 
    Elektron kitabxananın müdiri Aytən Rəhmanova Ləman haqqında danışıb, onun kitaba, yazıçılığa olan marağı, kitab yazmaq həvəsinin qaynaqları barədə geniş məlumat verib. Məlum olub ki, hələ kiçik yaşlarından kitaba, kitab oxumağa böyük maraq göstərən Ləman ilk romanını 13 yaşında, həm də Osmanlı türkcəsində yazıb, lakin onu zəif yazdığını düşünür. Lakin bu hal onu ruhdan salmır, 14 yaşında “Çelişki” adlı   romanı 2000 tirajla Türkiyədə çap olunur. Gənc yazarı Osmanlı türkcəsində yazmaqda günahlandıranlara Ləman doğma dilində “Xəzri” adlı romanı yazmaqla cavab verir. 5000 tirajla işıq üzü görən növbəti kitabı 608 səhifədən ibarət olan “Gecənin parıltısı” romanıdır. Bu romanın WordPad şəbəkəsində oxucu sayı bu gün 1 milyon 100 mindir. Hazırda o, “Xələf” romanı üzərində işləyir. Ilk hissələri İnternetdə yayımlanan romanın oxucularının sayı artıq 80 mini keçib.  
     İstedadlı tələbəmizin hələ kiçik yaşlarında qazandığı ağlasığmaz uğurları zalda əyləşən bütün qonaqları təəccübləndirib. Tədbir iştirakçılarını AzMİU-nun rektoru adından salamlayan Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva 18 yaşında 3 kitabının çap olunmasını Ləmanın böyük uğuru kimi dəyərləndirib, universitetin ona hər cür dəstək olacağını diqqətə çatdırıb. Prorektor tələbəyə yeni nailiyyətlər, gələcəkdə tanınmış, dünya şöhrətli yazıçı olmağı  arzulayıb. 
    Digər çıxışçılar – fakültənin dekanı Rahad Qəribov, Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova, dekan müavini Turan Aslanova, Sənyenin təşkili və idarə olunması kafedrasının müəllimi Aydın Nəbiyev və tələbələr də az müddətdə böyük uğurlara imza atan gənc yazara uğurlar diləyiblər. 
     Xoş sözlər, dəstək üçün tədbir iştirakçılarına minnətdarlığını bildirən Ləman onlara uğur hekayəsini danışıb, kitaba olan böyük sevgisinin onun gələcək arzularına yol açdığını vurğulayıb. Sonra o, əsərlərinin qəhrəmanlarından, gələcək planlarından,  üzərində çalışdığı 4-cü kitabından söhbət açıb, tədbir iştirakçılarının suallarına cavab verib. 
 

20-12-2019