We respectfully commemorate our students and graduates who became martyrs in the first days of November!

ELÇİN HƏSƏNLİ
Elçin Vaqif oğlu Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunda anadan olub. 2010–2014-cü illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb, 2015–2017-ci illərdə həmin universitetdə magistratura pilləsi üzrə oxuyub. Şirvan şəhərində mühəndis işləyib. 2017-ci ildə İtaliyanın Roma şəhərində UNİNETTİNO Universitetində “Bərpa olunan enerji qaynaqları” üzrə kursda iştirak edib, sertifikat alıb. 2018-ci ildə “Azərişıq” ASC Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan Elektrik Şəbəkəsində paylayıcı şəbəkə sahəsi üzrə mühəndisi olub,  Sabirabadda “ASAN Xidmət”in əməkdaşı kimi çalışıb.

Doktorantura pilləsi üzrə təhsilinə isə 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində başlayıb. 
2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. 
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra “Vətən uğrunda”,  “Cəsur döyüşçü” və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 


NURLAN  ZEYNALOV 
Nurlan Rafael oğlu Zeynalov 1989-cu il noyabrın 25-də Sabirabad rayonunda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 357a1 qrupunu bitirib. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra  hərbi xidmətə yollanıb. Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kursları uğurla başa vurub, ehtiyatda olan zabit kimi tərxis alıb. Müdafiə Sənaye Nazirliyinin Milli Aerokosmik Agentliyinin institutlarının birində kadr şöbəsinə müdir təyin edilib. 
Vətən müharibəsi başlayanda baş leytenant kimi Gəncədəki hərbi hissələrdən birinə rota komandiri təyin olunur. Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralansa da,  yenidən cəbhəyə can atır. Bu dəfə o, Xocavənd uğrunda gedən döyüşlərdə rota kamandiri kimi xüsusi ilə fərqlənir. Döyüşdə göstərdiyi böyük şücaətə görə məzunumuz baş leytenant rütbəsindən kapitan rütbəsinə yüksəlib. Noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 
Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Nurlan Zeynalov ölümündən sonra “İgidliyə görə”, “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

ZAUR  DÖVLƏTOV 
Zaur Zahir oğlu Dövlətov 1995-ci il martın 9-da anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin 203r qrupunu bitirib. 2-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Füzuli, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Zaur Dövlətov ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


KƏMALƏDDİN  MƏMMƏDZADƏ 
Kəmaləddin Vüqar oğlu Məmmədzadə  1999-cu il sentyabrın 14-də Bakı şəhərində anadan olub.  2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Nəqliyyat fakültəsinə Geodeziya və Xəritəçilik mühəndisliyi ixtisasına  daxil olub. 2-ci kursda oxuyarkən təhsilini dondurub, hərbi xidmətə yollanıb.  Vətən müharibəsi başlayanda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-i döyüşün 44-cü günü Şuşa şəhərindən Xankəndi şəhərinə giriş edərkən səhər saat 05:00-da boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”,  “Cəsur döyüşçü” “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

01-12-2021