“Türk Dünyasında Sürücülük Təhsili” mövzusunda beynəlxalq konfrans keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Türk Dünyasında Sürücülük Təhsili” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Konfrans Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Türkiyə Respublikası Sürücülük Təhsili İş Verənləri Həmkarlar İttifaqı, İstanbul Türkiyə Azərbaycan Mədəniyyət Dərnəyi, Azərbaycanın “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyi və AzMİU-nun birgə tərəfdaşlığı ilə təşkil edilib. 

Konfransın məqsədi Türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığını inkişaf etdirmək və müasir dövrdə sürücülük təhsili sahəsində qarşılıqlı iş birliyinə nail olmaq, eyni zamanda, sürücülük təhsili sahəsində tətbiq olunan dünya standartlarının öyrənilməsi və tətbiqi, xüsusilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə edilməsi ilə bağlı ortaq təhsil proqramlarının tətbiqi sahəsində əməkdaşlıq qurmaqdır. 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Türkiyənin keçmiş təhsil naziri, Türkiyə Böyük Millət Məclisi Təhsil Komitəsinin rəhbəri Mahmut Özər, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri Orxan Ərdəm, Türkiyə Təhsil Nazirliyinin aidiyyəti departamentlərinin rəhbərləri, Şimali Kipr Prezidentinin müşaviri Muslu Akgüney, Şimali Kipr Türk Respublikası Nəqliyyat Nazirliyinin əməkdaşları, Türkiyə və Şimali Kipr Türk Respublikasından sürücülük təhsili verən məktəblərin 100-ə yaxın rəhbər və müəllim heyəti  iştirak edib. Konfransda, həmçinin Azərbaycandan millət vəkilləri, ziyalılar və tələbələr də iştirak ediblər. 

Beynəlxalq konfransda salamlama nitqi ilə çıxış edən AzMiU-nun rektoru professor Gülçöhrə Məmmədova mövzunun aktuallığına diqqət çəkib və qeyd edib ki, Azərbaycanın qlobal logistika habına çevrilməsi fonunda ölkəmizin nəqliyyat infrastrukturuna maraq daha da artıb. Nəqliyyat infrastrukturu üzrə canlanmanın sürücülük təhsilini, bu sahədə bacarıqlar və qabaqcıl texnologiyalardan istifadə vərdişlərini də aktuallaşdırdığını vurğulayan rektor konfransın işinə uğurlar arzulayıb. 

Türkiyənin keçmiş təhsil naziri, Türkiyə Böyük Millət Məclisi Təhsil Komitəsinin rəhbəri Mahmut Özər çıxışında Türk dövlətlərinin aidiyyəti təhsil müəssisələrinin birgə əməkdaşlığı ilə daha mütərəqqi sürücülük təhsilinin təşkil edilməsinin mümkünlüyünü qeyd edib. 

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, millət vəkili Anar İskəndərov, millət vəkili Cavanşir Feyziyev və digər çıxış edənlər də konfransın işinə uğurlar arzulayıb və bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini bölüşüblər. 

Azərbaycanın qlobal logistika habına çevrilməsi transmilli şirkətlərin ölkəmizə yol və nəqliyyat sahəsindəki maraqlarını artırır. Bu fonda sürücülük təhsilinin əhəmiyyəti bir daha gözlər önünə gəlir. Zəngin ali təhsil ənənələrinə malik AzMİU-nun bu cür önəmli konfransa tərəfdaşlıq etməsi, Türk dövlətlərinin təcrübələrinin öyrənilməsi və ölkəmizə tətbiqi, o cümlədən universitetin təcrübələrini də paylaşmaq baxımından mühüm rol oynayır.  

Daha sonra konfransın plenar iclasına keçirilib. Plenar iclasda Türkiyənin Milli Təhsil Nazirliyi Özəl Qurumlar baş direktoru Fethullah Güner, Türkiyə Sürücülük Təhsili İşəgötürənlər Birliyinin sədri Nihat Polad, AzMİU-nun Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, KKTC Müstəqil Sürücülük Məktəbləri Dərnəyinin sədri Emirzadə Tilki, İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi başçısı Sefer Karakoyunlunun məruzələri dinlənilib.

Konfransın gedişində AzMİU-nun Nəqliyyat və logistika kafedrasının professor-müəllim heyəti xarici həmkarları ilə öz təcrübələrini bölüşməklə yanaşı, müasir sürücülük təhsilinin inkişafına yönəlmiş yeni yanaşmaları müzakirə ediblər.
 

15-10-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]