AzMİU-da bərpa olunan enerji mənbələri ilə bağlı elmi seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasında elmi seminar keçirilib. Seminarda “AzAlternativEnerji” MMC-nin Dizayn və Monitorinq şöbəsinin müdiri Rasim Məmmədovun ““SCADA” sistemindən istifadə etməklə bərpa olunan enerji hesabına su təsərrüfatı və meliorasiya qurğularının avtomatlaşdırılması”” mövzusunda məruzəsi dinlənilib. 

Mütəxəssis bildirib ki, Azərbaycan enerji resursları ilə zəngin ölkədir və enerji mənbələrindən istifadə məsələsi dövlətin diqqət mərkəzindədir. Prezident İham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinə toxunan Rasim Məmmədov işğaldan azad edilmiş ərazilərdə dövlətin həyata keçirdiyi işləri diqqətə çatdırıb. Həmin ərazilərdə günəş enerjisi layihələrinin həyata keçirilməsi üçün potensialın yüksək olduğunu deyib. 
Məruzəçi qeyd edib ki, Zəngilan, Cəbrayıl və Füzuli əraziləri müşahidə edilən günəş radiasiyası üzrə Naxçıvandan sonra ölkə üzrə ən əlverişli ikinci region hesab olunur. 

Mütəxəssis çıxışı zamanı bərpa olunan enerji hesabına su təsərrüfatı və meliorasiya qurğularının avtomatlaşdırılması məsələlərinə də toxunub.

Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.

23-05-2023