Müəllim və tələbələrimizə IELTS sertifikatları təqdim olunub

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu tərəfindən təşkil edilmiş IELTS imtahanlarında uğurlu nəticə göstərən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim və tələbələrinə sertifikatlar təqdim olunub. 

Təqdimetmə mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Elnur Nəsibov, fondun əməkdaşları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Professor Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, fond tərəfindən həyata keçirilən layihələr təhsilin inkişafı üçün mühüm əhəmiyyət təşkil edir. IELTS kurslarının və imtahanlarının da bu qəbildən olduğunu qeyd edən rektor AzMİU-da ingilis dilində təhsilin təşviqi və təşkili ilə bağlı görülən işlərə diqqət çəkib: “Müəllim və tələbələrin ingilis dili səviyyəsinin yüksəldilməsi üçün universitet tərəfindən davamlı olaraq ödənişsiz hazırlıq kursları və imtahanlar təşkil olunur. Həmin prosesin nəticəsidir ki, artıq ixtisaslarımızın böyük əksəriyyəti üzrə ingilis dilində tədrisi təşkil etmək iqtidarındayıq, bunun üçün müəllim potensialımızı formalaşdırmışıq. Bundan əlavə, bizim Böyük Britaniyanın Lester Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində təşkil etdiyimiz imtahanların nəticələri Avropa universitetləri tərəfindən də tanınır. Əlbəttə ki, bu amil müəllim və tələbələrimiz üçün əlavə imkanlar yaradır”. 

Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Elnur Nəsibov çıxışında son IELTS imtahanlarında uğur qazanan AzMİU tələbələrinin say çoxluğuna diqqət çəkərək universitetin bu istiqamətdəki fəaliyyətini təqdir edib. 

Daha sonra Elnur Nəsibov fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Çıxışlardan sonra IELTS imtahanlarında uğurlu qazanan tələbələrə sertifikatlar təqdim olunub.
 

22-05-2023