Rektor əlaçı və yüksək nəticə göstərən tələbələrlə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova universitetin əlaçı, həmçinin imtahanlarda yüksək nəticə göstərən tələbələri ilə görüşüb.

Görüşdə prorektorlar, fakültə dekanları və tələbə təşkilatlarının rəhbərləri də iştirak edib.

Professor Gülçöhrə Məmmədova göstərdikləri müvəffəqiyyətə görə tələbələri təbrik edib və onlara yeni uğurlar arzulayıb. Tədrisin daha da təkmilləşdirilməsi, elmi-texniki yeniliklərin tətbiqi və beynəlmiləlləşmə ilə bağlı AzMİU-da görülən işlərdən, həmçinin planlardan danışan rektor bildirib ki, inkişaf üçün axtarışlar davam edir.  

Professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-da tələbələrin biliyinin qiymətləndirilməsi, imtahanların təşkili və keçirilməsi ilə bağlı bütün mümkün tədbirlər görülüb. Bununla belə, hansısa çatışmazlıq olarsa, aradan qaldırılması üçün tələbələrdən təkliflər gözlənildiyini deyən rektor tələbələr arasında keçirilən sorğulara, onların universitet rəhbərliyi ilə görüşlərinə diqqət çəkib və tələbələri təşəbbüskar olmağa çağırıb.

Görüş diskusiya formatında davam etdirilib, tələbələr tərəfindən suallar və  təkliflər səsləndirilib.

Sonda rektor tərəfindən 2022/2023-cü tədris ilinin Payız semestrinin Qış imtahan sessiyasında hər fakültə üzrə ən yüksək akademik nəticə göstərən tələbələrə diplomlar təqdim edilib.
 

16-03-2023