AzMİU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan konfrans keçirilib

                 
         Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı” mövzusunda konfrans keçirilib. Əvvəlcə konfransın iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin həyətindəki  büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 
         Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tədbiri açaraq dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan, fəaliyyətindən, cəmiyyətin həyatına nüfuz edən müdrik, praqmatik siyasətindən və Vətənimiz qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Rektor ümummilli liderin bütün həyatını Azərbaycanın rifahına və davamlı inkişafına həsr etdiyini qeyd edib, hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyası yaratdığını xüsusi vurğulayıb. 
        Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili, professor Rüfət Quliyev “Ulu öndər və Azərbaycanın iqtisadi-inkişaf strategiyası” adlı məruzəsində Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafının təmin olunduğunu, iqtisadiyyatda demokratiyanın bərqərar edildiyini, özəlləşdirməyə start verildiyini, xarici investorların ölkəmizə cəlb edilməsi istiqamətində ciddi əsaslar yaradıldığını, eləcə də Azərbaycan vətəndaşının rifahının əhəmiyyətli dərəcədə yüksəldiyini bildirib. O, Azərbaycanın iqtisadi modelinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 44 günlük müharibədə əldə edilən Zəfərin əsasında məhz bu iqtisadi modelin dayandığını diqqətə çatdırıb. 
        Universitetin İqtisadi nəzəriyyə və marketinq kafedrasının dosenti Əliağa Əliyev də çıxışında Vətən müharibəsində Zəfərə gedən yolun əsasında dünya şöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyalarının dayandığını xüsusi qeyd edib. Ə.Əliyev 1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycanda quruculuq, abadlaşdırma və sosial-ekoloji problemlərin həlli istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin əhalinin sosial şəraitinin yüksəlməsində öz əksini tapdığını diqqətə çatdırıb. 
         İctimai fənlər kafedrasının müəllimi Emil Həsənov, magistr tələbə Sənan Atayev də çıxışlarında Ümummilli liderin milli dövlətçilik ənənələrinin qurulmasında, təhsilin inkişafında, gənclər siyasətində, aqrar sahədə, milli hərbi kadrların hazırlanmasında, eləcə də azərbaycançılıq ideologiyasında göstərdiyi misilsiz xidmətlərdən danışıblar.  
 

17-05-2022