Azəriqaz İB-nin  aparıcı mütəxəssisləri magistr tələbələrimizin dissertasiya işlərinə rəhbərlik edəcəklər 

            Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Azəriqaz İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə müvafiq olaraq birlik  menecment və biznesin iqtisadiyyatı ixtisasları üzrə bakalavr və magistr səviyyəsində təhsil alan tələbələrin elmi-tədqiqat təcrübələrinin artılmasını hər il çox səmərəli təşkil edir. 2021-2022-ci tədris ilindən qeyd olunan ixtisaslar üzrə Azəriqaz İB-nin  aparıcı mütəxəssisləri AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasında magistr səviyyəsində təhsil alan tələbələrin dissertasiya işlərinə  rəhbərlik edəcəklər. 
            Bu günlərdə “Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması” proqramı üzrə magistratura səviyyəsi üzrə təhsil alan Kamran Vəliyev və Əlibəy Əlizadə magistr dissertasiyasına rəhbərlik üçün Birliyə göndəriliblər. Birliyin baş direktoru Ruslan Əliyev magistrantlarla görüşüb, onların təhsil istiqamətləri üzrə tədqiqat aparmaq istədikləri sahələrlə maraqlanıb, dissertasiya mövzusunu müəyyənləşdirmək üçün öz tapşırıq və tövsiyələrini verib. Görüşdə həmçinin Birliyin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirov, Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov da iştirak edib.
            Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov qeyd edib ki, təhsil-elm-istehsalat-innovasiya proqramının formalaşması sahəsində mühüm metod kimi yüksək dəyərlərə malik olan bu tədbirlər təhsil və istehsalat əlaqələrinin yaradılmasında mühüm rol oynayacaq və mütəxəssis hazırlığının səviyyəsini yüksəldəcək.  
 

13-01-2022