Akademik Akif Musayev tələbələrə Ustad dərsi verib

          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 18 noyabr 2021-ci ildə Bznesin iqtisadiyyatı və menecment və “Sənayenin təşkili və idarə edilməsi kafedralarının təşəbbüsü ilə Post-Konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev “Post-konflikt ərazilərin bərpası, yenidən qurulması və məskunlaşdırılması” mövzusunda elmi seminar - Ustad dərsi aparıb.  
        Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycan Respublikasının prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ Vətən müharibəsində qazanılmış qələbə nəticəsində post-konflikt ərazilərin bərpası, yenidən qurulması və məskunlaşması sahəsində hazırda həyata keçirilən işlər və perspektivdə nəzərdə tutulan tədbirlər haqqında danışıb.  
            Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov post-konflikt dövründə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində dövlət proqramları, strateji inkişaf konsepsiyaları və prioritetlər haqqında məlumat verib. Eyni zamanda  o, Post-Konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayevi seminar iştirakçılarına  təqdim edib, gəncləri müzakirə edilən mövzularda fəal iştirak etməyə səsləyib və gələcəkdə bu istiqamətdə tədqiqat aparmağın xüsusi rola malik olduğunu vurğulayıb. 
          Professor Akif Musayev Post-konflikt ərazilərin bərpası, yenidən qurulması istiqamətində görülən işlər, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlərdə Qarabağ izi, Məcburi köçkünlər arasında keçirilən sosioloji sorğular: potensial repatriantlar nə istəyir? istiqamətlərində ətraflı məruzə edib. 44 günlük Vətən müharibəsinin böyük qələbə ilə yekunlaşması nəticəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdaraq orada yaşaması imkanları, işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi,  həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi və dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılması haqqında danışıb. O, eyni zamanda işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasının təmin edilməsinin vacibliyindən, bu prioritetin uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya məqsədlərinə nail olunması ilə bağlı görülən  işlərə də toxunub. 

         Tədbirdə müzakirə edilən sahələr ətrafında geniş fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb, müəllimlər, eləcə də tələbələr müzakirələrdə fəal iştirak ediblər. 

25-11-2021