ST və MKS fakültəsinin tələbələri Fəxri xiyabanı ziyarət ediblər        

                     
         Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbələri fakültənin şəhid məzunu Samir Xəllinin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Ziyarətdə fakültənin dekanı Zakir Musayev, dekan müavini Mansur Zərbəliyev, Mühəndis sistemləri və qurğuları kafedrasını müdiri Nurməmməd Məmmədov, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov və fəallar iştirak ediblər. 
         Tələbələr ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş bütün qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, unudulmaz xatirələrini hörmət və ehtiramla anıblar. Sonra şəhid məzunumuz Samir Xəlillinin məzarı üzərinə qərənfillər düzüblər, ruhuna dualar oxuyublar.  
          Xatırladaq ki, Samir Əhməd oğlu Ağayev 1997-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. AzMİU-nun Su təssərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 304a4 qrup məzunu olub. 2018-ci ildə  universiteti bitirib hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra polis orqanlarında işə qəbul olunub. Tovuz hadisələrindən sonra o da digər igid oğullarımız kimi könüllü olaraq hərbi xidmətə yazılıb. Oktyabrın 1-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə  Samir Xəlilli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

22-10-2021