Oktyabrda şəhid olan tələbə və məzunlarımızı hörmətlə anırıq!

EMİN  QƏDİROV

Emin Asif oğlu Qədirov 1995-ci il aprelin 25-də Zirə qəsəbəsində  anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin 893a qrupunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra  hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra  “Papa Johns” pizza restoranlar şəbəkəsində menecer kimi çalışıb.

Tovuz hadisələrindən sonra könüllü olaraq hərbi xidmətə yazılıb. Əks hücum əməliyyatı başlayan zaman cəhbəyə yollanıb,  Füzuli istiqamətində döyüşlərə qatılıb. Qubadlı, Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Füzulinin Gecəgözlü kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə Emin Qədirov ölümündən sonra  “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

AZAD  BƏKİRLİ

Azad Rasim oğlu Bəkirli 1992-ci il sentyabrın 27-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin 840a2 qrupunda oxuyub. Hərbi xidmətini bitirdikdən sonra Bakı metropolitenində və "SOCAR Polymer" şirkətində çalışıb. Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılıb, Vətən müharibəsində iştirak edib. Cəbrayıl, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərib, oktyabrın 21-də Füzulinin Gecəgözlü kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin alınmasına görə” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

25-10-2021