AzMİU-nun əməkdaşları şəhid məzununun ailəsini ziyarət edib

 

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup əməkdaş və tələbələri Nəqliyyat fakültəsinin 488 A4 qrupunun Vətən müharibəsində şəhid olmuş məzunu Eltac Əlizadənin Tovuz rayonunun Çatax kəndində yaşayan ailəsini ziyarət ediblər. Ziyarətdə AzMİU THİK-in sədri Bayram Aslanov, Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, fakültənin dosenti Bulud Bağırov, İnsaat fakültəsinin dekan müavini Tural Əliyev, Mətbuat və informasiya şöbəsinin əməkdaşı Əhməd Hüsiyev və tələbələr iştirak ediblər.

         AzMİU əməkdaşları universitetin rektoru, professor Gülçöhrə Məmmədovanın kollektiv adından hazırlanmış təşəkkür məktubunu şəhidin ailəsinə təqdim ediblər. Eyni zamanda Eltacın səkillərindən ibarət foto-albom və rolabı  xatirə hədiyyəsi olaraq yaxınlarına veriblər. Universitet təmsilçiləri şəhid Eltac Əlizadənin Vətən torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşub  şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını vurğulayıblar. Onun əziz xatirəsinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, igidlik və mərdliyinin gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacağı xüsusi qeyd olunub.

         İşğal altında olan doğma torpaqlarımızın azad olunması uğrunda apardığımız 44 günlük Vətən müharibəsində 24 məzunumuz şəhidlik zirvəsinə ucalıb. Universitet kollektivi şəhid, qazi tələbə - məzunlarının xatirəsini daim əziz tutur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir.

 

 

 

22-02-2021