Sonuncu kurs tələbələri və magistrlər  sosial şəbəkə üzərindən təcrübə barədə məlumatlandırılıblar

          Tədris planına uyğun olaraq sonuncu kurs tələbələri ölkənin müxtəlif müəssisələrində 14 həftəlik istehsalat təcrübəsi keçəcəklər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və karyera mərkəzinin müdiri Xanlar Qəniyev universitetin rəsmi instagram səhifəsi üzərindən təşkil olunan videogörüşdə IV kurs bakalavr tələbələrinin istehsalat, II kurs magistr tələbələrinin elmi tədqiqat və elmi pedaqoji təcrübələri haqqında ətraflı məlumat verib.

          Strateji planlaşdırma şöbəsinin əməkdaşı Vasif Əskərovun təşkil etdiyi görüşdə tələbələri ən çox maraqlandıran suallar toplanıb və görüşün qonağına ünvanlanıb. Mərkəzin rəhbərinə daha çox təcrübənin başlaması tarixi, təcrübə müddəti, tələbələrin müəssisələrə bölünməsi prosesi, istehsalat müəssisəsinə gedən tələbənin nə etməli, özü ilə nə aparılmalı, həftədə neçə dəfə təcrübəyə getməli, qayıb limiti haqqında və s. kimi suallar ünvanlanıb. X.Qəniyev tələbələri maraqlandıran bütün suallara cavab verib, tələbələrə qaranlıq qalan məsələlərə tam aydınlıq gətirib. O qeyd edib ki, 14 həftəlik istehsalat təcrübəsi 16.02.2021-25.05.2021-dək , elmi tədqiqat təcrübəsi isə 16.02.2021-16.03.2021-dək universitetin partnyoru olan müəssisələrində keçiriləcək və ümumilikdə isə 1750 tələbə və magistrlər müvafiq ixtisasyönümlü müəssisələrdə, tədqiqat institutlarında və dövlət qurumlarında təcrübə keçəcəklər.

          Təlimat olaraq tövsiyyə olunub ki, tələbə həftənin birinci günü universitetdə öz ixtisas kafedrasında rəhbəri ilə əlaqə saxlayaraq təcrübə gündəliyini və göndərişini əldə etməli və həftənin ikinci günü artıq istehsalat müəssisəsində olmalıdır. Həftədə 5 dəfə ən azı 5 saat təcrübə keçməlidir. Mərkəzin rəhbəri tələbələrin nəzərinə çatdırıb ki, istehsalat müəssisəsində iştirak etməyən tələbə təcrübədən kafi qiymət almış olacaq.  Əlavə olaraq X.Qəniyev universitetin əməkdaşlıq etdiyi dövlət qurumları, müəssisələr, şirkətlər haqqında da məlumat verib, həmin şirkətlərdən SOCAR, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərdövlətlayihə, Azərmemarlayihə, Azərsu ASC, Bakı Metropoliteni QSC, Paşa İnşaat, PMD, AzerGold, AzVirt  və başqalarının adını səsləndirib.

       

 

 

 

 

15-02-2021