Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib

          ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbir keçirilib. Qadınların elm və texnologiyadakı əsas rollarını vurğulamaq, təbliğ etmək üçün keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən görkəmli şəxsiyyətlər, Nobel mükafatlı qadın alimlər, tədqiqatçılar iştirak edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib.

          Meriban Əliyeva ICESCO-nu 2021-ci ilin “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsünə görə təbrik edib. O qeyd edib ki, bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil, bu, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Eyni zamanda birinci vitse-prezident Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötən ilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ICESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim Al Malikiyə dərin minnətdarlığını ifadə edib. Mehriban xanım bildirib ki, hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. “Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk”.

          Çıxışında çox mühüm məsələlərə toxunan Mehriban Əliyeva  Azərbaycan qadınlarının elmdə əldə etdiyi uğurlar, elmə verdiyi töhfələr barədə konfrans iştirakçılarını məlumatlandırıb. O, Azərbaycanda savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu, ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini,  Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizini qadınların təşkil etdiyini xüsusi vurğulayıb.

          Məlumat üçün qeyd edək ki, beynlxalq konfransda Azərbaycan Memarlıq və İnşaat Universitetindən 50-ə yaxın qadın professor-müəllim iştirak edib.

          Mehriban Əliyevanın ICESCO-nun videokonfrans formatında keçirilən beynəlxalq tədbirində çıxışına qeyd olunan linkə keçid edərək baxa bilərsiniz: https://www.youtube.com/watch?v=YFnCoYrd_20

 

11-02-2021