Tələbəmiz Cəmilə Səfərova: “İmtahanları müvəffəqiyyətlə vermək üçün oxumaq prinsipial əhəmiyyət kəsb edir”

   Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində xüsusi karantin rejimi və məcburi sosial təcrid tədbirləri səbəbi ilə ötən semestrdə olduğu kimi bu semestrdə də imtahanlar distant (məsafəli) formada keçirilir.

   AzMİU-nun Mətbuat və informasiya şöbəsi Memarlıq fakültəsinin 168 i qrup tələbəsi Cəmilə Səfərovanın onlayn imtahan sessiyası ilə bağlı müsahibəsini təqdim edir:

   İmtahanları necə verdin?

  • Bu semestrdə 6  fəndən imtahanım var idi, 2-si baxış imtahanı oldu, 4-nü testlə verdim. İmtahan zamanı obyektivliyə kölgə salacaq heç bir halla qarşılaşmadım. Texniki problemlər, neqativ hallar olmadı. Bu günə qədər imtahanlarda həmişə yüksək nəticələr göstərmişəm, çünki giriş balım hər zaman yüksək olub.

   Cəmilə, bu semestr onlayn dərslərdə və imtahanlarda hər hansı çətinliyin oldumu?

  • Xeyr. Mən dərslərə daimi qoşulan tələbə olmuşam, dərslərdə fəal iştirak etmişəm. Müəllimlərimiz də onlayn dərslərdə yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdi, dərslərimiz ənənəvi dərslərdən heç geri qalmırdı. Semestr ərzində qazandığım biliklərdə müəllimlərimin əməyi böyükdür. Dərslərimizdə  hər hansı anlaşılmazlıq olduqda ixtisas müəllimlərimiz bizə yardımçı oldu. Onlar imtahanöncəsi onlayn qaydada  konsultasiyalar təşkil etdi, hətta zərurət yarandıqda fərdi məsləhət saatları keçirdilər. Onlayn imtahanlara gəldikdə isə keçən semestrdən təcrübəm var idi. İmtahan zamanı şəxsən məndə heç bir problem yaranmadı. Ümumiyyətlə, imtahanda uğurlu nəticə əldə etmək, imtahanı müvəffəqiyyətlə vermək  üçün oxumaq prinsipial əhəmiyyət kəsb edir. Semestr boyu dərslərinə məsuliyyətlə yanaşan, biliyinə arxalanan hər bir tələbə üçün imtahan uğurlu nəticə ilə yekunlaşır.

    Ənənəvi imtahanlarda iştirak etmiş şəxs olaraq son 2 semestrdə onlayn imtahanları necə xarakterizə edirsən?

  • Onlayn imtahanlar mənim fikrimcə, ənənəvi imtahanlardan çox da fərqlənmir. Test  üsulu ilə təşkil olunan  ənənəvi və onlayn imtahanlar arasında ciddi fərq görmürəm. Hər ikisi kompüter vasitəsilə keçirilir,  nəzarətçilər və proktorlar tərəfindən müşahidə olunur.

    Pandemiyanın zərurətə çevirdiyi distant təhsilin üstün və ya mənfi tərəfləri barədə nə deyə bilərsən?

  • Distant təhsilin tələbələr üçün üstünlüyü odur ki, sakit şəraitdə, evdə, çox rahat ortamda dərslərdə iştirak edirlər. Nəqliyyat, tıxac problemləri olmur, yolda yorulmurlar, dərsə gecikmirlər. Çatışmazlıqları isə İnternet problemi, texniki nasazlıq, kompyuter və s. ola bilər. Bəzi yerlərdə, xüsusilə bölglərdə İnternetin keyfiyyətli olmaması dərs və imtahanlarda tələbələrə bəzən problemlər yaşadır. Bir mənfi cəhəti də qeyd edim ki, distant təhsil sistemində müəllim və tələbə arasında canlı ünsiyyət itir. Bu baxımdan mənə görə  ənənəvi təhsil daha üstündür.

      Tələbəmiz proktorların fəaliyyətindən də razıdır

  • Proktorların fəaliyyətini yüksək qiymətləndirirəm. Çox professional və təmkinli idilər. İmtahan başlamamışdan əvvəl riayət etməli olduğumuz qaydalar barədə bizi yetərli məlumatlandırır, düzgün istiqamət verir, bilmədiyimiz məsələləri başa salırdılar. Bu halda imtahanlar da nümunəvi keçir, köçürmə halları, imtahan prosesini pozmaq meylləri demək olar ki, baş vermir.

 

 Sonda tələbələrə tövsiyyəniz...

  • Tələbələrə məsləhət görərdim ki, tədris olunan fənlərə çox diqqət ayırsınlar, verilən tapşırıqları vaxtında yerinə yetirsinlər. Bəzi tələbələr il boyu səhlənkarlıq edir, keçilən dərsləri oxumur,  imtahan vaxtı əl-ayağa düşürlər. Belə etmək düzgün deyil. Vaxtında çox çalışmaq, oxumaq, dərsləri dərindən mənimsəmək lazımdır. Belə olan halda tələbələr imtahanları uğurla verəcək, yaxşı nəticələr əldə edəcəklər.

28-01-2021