AzMİU-da AVRO-2020 könüllülük proqramının təqdimatı baş tutub

        AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcəyi oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşüb.
        Tədbirdə UEFA-nın könüllülük direktoru Yusif  Vəliyev, təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA, AVRO-2020 “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov, ATV-nin idman proqramlarının aparıcısı Sənan Şəfizadə də iştirak edib.
        Təqdimatda Könüllülər Proqramı haqqında ümumi məlumat verilib.  Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də AVRO-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər nəzərə çatdırılıb. Könüllülük proqramının nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacağı vurğulanıb. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçiriləcəyi söylənilib.
        Qeyd edək ki, Bakıda AVRO-2020-nin 3 qrup oyunu (müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də), eləcə də 1/4 final mərhələsi qarşılaşması (4 iyul) təşkil olunacaq. AFFA bu görüşlərin təşkilati və UEFA ilə əlaqələndirmə işlərində məsuldur. 


 

22-10-2019