Universitetimizin daha bir uğuru : AzMİU ölkəmizin texniki universitetləri arasında dünya reytinqinə daxil olan yeganə universitetdir

      Oktyabrın 15-də Böyük Britaniyanın Quacquarelli Symonds şirkəti Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali təhsil müəssisələrinin növbəti reytinqini (QS EECA University Rankings 2020) açıqlayıb. Nüfuzlu reytinq cədvəlində dünyanın böyük, tanınmış universitetləri siyahısına  Azərbaycandan 5 universitetin də adı salınıb. 
      Sevindirici haldır ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin adı 3-cü dəfədir ki, bu siyahıya daxil edilib.  Dünyanın 1000 ən yaxşı universitetlərini  özündə birləşdirən builki reytinqdə AzMİU ölkəmizin texniki universitetləri arasında adı cədvələ salınmış yeganə universitetdir. Dünyanın nüfuzlu, nəhəng bir reytinq cədvəlində yer almağımız universitetin hər bir müəlliminin, əməkdaşının uğurudur. 
      Məlumat üçün qeyd edək ki, dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri olan QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının effektivliyinə görə müəyyənləşdirilir.
 

16-10-2019