Xəbərlər
AzMİU-da Avicenna Virtual Mərkəzi açılıb
  Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Avropa Komissiyası tərəfindən dəstəklənən “Avisenna  Virtual Campus in Asia” layihəsi çərçivəsində “Avisenna” virtual mərkəzi açılıb. Açılışda Avropa Komissiyasının Bakı nümayəndəliyindən, UNESCO-dan, Təhsil Nazirliyindən, Bakı Dövlət Universiteti, Azərbaycan  Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan İqtisad Universitetindən nümayəndələr iştirak edib. [cut]]
        Tədbiri giriş sözüylə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qeyd edib ki, Avisenna layihəsi UNESCO-nun koordinatorluğu ilə 2002-ci ildən başlayıb, əvvəl Aralıq dənizi hövzəsi ölkələrində, 2006-cı ildən bir sıra Afrika ölkələrində (ümumilikdə 14 ölkədə, o cümlədən, Türkiyə,  Kipr, İtaliya, Fransa, İspaniya, Əlcəzair, Mərakeş, İordaniya, Tunis, İraq və s.)  tətbiq olunub. “Layihənin gerçəkləşdirilməsində məqsəd universitetlər arasında Avisenna şəbəkəsi quraraq virtual konsepsiyalara əsaslanan e-learnig kurslarının yaradılması vasitəsilə regional təhsilin keyfiyyətinin yüksəldilməsidir. Layihənin həyata keçirilməsində ilk addım internet əsaslı kursların (onlayn dərslərin) yaradılması üçün universitetdə lokal infrastrukturun qurulmasıdır. Son nəticədə bilik və qaynaqların partnyor universitetlər arasında mübadiləsi məqsədilə Vahid Avisenna Virtual Kitabxanasının yaradılması planlaşdırılır”.
         UNESKO-nun nümayəndəsi, professor Vəfa Mustafayev layihə barədə geniş məlumat verib, onun əhəmiyyətindən danışıb, layihəyə göstərdiyi dəstəyə görə AzMİU-nun rektoruna təşəkkür edib və ona UNESKO-nun xatirə medalını təqdim edib. Layihənin koordinatoru professor Məhəmməd Miloudi layihənin gerçəkləşdiyi ölkələrdə görülən işlərlə bağlı prezentasiya təqdim edib.
         Təhsil Nazirliyinin məsul işçisi Səlahəddin Gözəlov Avisenna layihəsinin virtual təhsilin tətbiqi istiqamətində atılan mühüm addım kimi dəyərləndirərək vurğuylayıb ki, kifayət qədər geniş bir regionu əhatə edən bir layihənin Azərbaycanda məhz AzMİU-da gerçəkləşməsi böyük uğurdur.
          Layihənin AzMİU-da rəhbəri, professor Nigar Aslanova onun yerinə yetirilməsi istiqamətində AzMİU-da görülən işlərdən danışıb. Onun sözlərinə görə, hələlik 4 fənn üzrə (kimya, riyaziyyat, hesablama texnikası və inşaat materialları)  müəllimlər secilib, onlayn dərslərin yazılması prosesinə başlanılıb, gələcəkdə onlayn dərs vəsaitlərinin digər fənlər üzrə yazılışı da nəzərdə tutulur. 
          Daha sonra AzMİU-nun rektoru, professor G.Məmmədova və layihənin koordinatoru professor M.Miloudi Avisenna Virtual Mərkəzinin açılışını bildirən qırmızı lenti kəsiblər, qonaqlar mərkəzlə tanış olublar.

2016-06-09 10:54:28